Ermənistanda siyasi məhbusun ölümü ilə bağlı bəyanat yayıldı

Bəyənatda qeyd olunur ki, Ermənistanın siyasi məhbusu açlıq aksiyasından dünyasını dəyişib
Sputnik

BAKI, 31 yanvar — Sputnik. Beynəlxalq İnsan Haqlarının Müdafiəsi Komitəsinin Azərbaycan nümayəndəliyi və İctimai-Siyasi Proseslər və Beynəlxalq Araşdırmalar Mərkəzi Ermənistanda siyasi məhbusun ölümü ilə bağlı bəyanat yayıb. Bəyanat Sputnik Azərbaycan-a da göndərilib.

Bəyənatda qeyd olunur ki, Ermənistanın siyasi məhbusu açlıq aksiyasından dünyasını dəyişib. Ermənistanda insan haqlarının pozulması davam edir.

"Özünü demoktarik dövlət adlandıran Ermənistan, əslində beynəlxalq qanunlara məhəl qoymayan, insan haqlarının pozulduğu bir məkana çevrilib. Bu gün dünyanın aparıcı təşkilatlarının, həmçinin AŞPA-nın, Avropa Parlamentinin, ATƏT və digər beynəlxalq təşkilatların "innovasiyalar ölkəsi" adlandırdığı Ermənistanda nəinki demokratiyadan, hətta qanunun aliliyindən belə bəhs etmək üçün əsaslı səbəb yoxdur. Azərbaycanda seçkilərin keçirilməsinə, insan haqları ilə bağlı məsələlərə böyük həssalıqla yanaşan beynəlxalq qurumlar, Ermənistanda insan haqlarının kobud şəkildə pozulması, günahsız insanların həbs olunması, seçki prosesinin saxtalaşdırılması və digər məsələlərə etinasızlıq göstərilməsi təəcüb doğurur. 17 yanvar 2019-cu il tarixdə Avropa Parlamenti "Azərbaycanda vəziyyət və Mehman Hüseynovun işi" - 2019/2511 saylı, reallığı əks etdirməyən, əsassız qətnamə qəbul edib və bloger Mehman Hüseynovun işini diqqətə alır. Lakin bu gün "Erməni Qartalları: Vahid Ermənistan" partiyasının sədr müavini, siyasi məhbus Mger Yegiazaryanın aclıq aksiyasından ölüm xəbəri bütün dünya, o cümlədən Amerika və Avropa mətbuatında yayılmasına baxmayaraq, beynəlxalq təşkilatlar məsələni sükutla qarşılayırlar.

Biz Beynəlxalq İnsan Haqlarının Müdafiəsi Komitəsinin Azərbaycan nümayəndəliyi və İctimai-Siyasi Proseslər və Beynəlxalq Araşdırmalar Mərkəzi olaraq, Avropa İttifaqı Parlamenti üzvlərini Cənubi Qafqaz regionunda ikili standartlara son qoymağa çağırır", - deyə bəyanatda vurğulanır.