İtalyanlar pensiyaya daha tez çıxa biləcəklər

Qanun özəl sektor üçün apreldə, dövlət idarələrində çalışanlar üçün isə avqust ayında qüvvəyə minəcək
Sputnik

BAKI, 30 yanvar — Sputnik. İtaliya prezidenti Sercio Matarella bazar ertəsi vətəndaş gəlirləri barədə yeni qanunu imzalayıb. Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, vətəndaş gəliri İtaliya hökumətinin əhalinin ən yoxsul təbəqələrinə verməyə hazırlaşdığı ayda 780 avroyadək olan ödənişlərdir.

Bu vəsaiti almaq üçün vətəndaşlar həftədə minimum 8 saat ictimai işlərə ayırmalı, iş axtardıqlarına dair sübutları olmalı və eyni zamanda təklif edilən ilk 3 işdən birini qəbul etməlidirlər.

Bununla yanaşı akta "100 kvotası" da daxil edilib.

Bu İtaliya vətəndaşlarına imkan yaradacaq ki, 38 illik əmək təcrübəsi olduğu halda 62 yaşında təqaüdə çıxsınlar. İtaliya əhalisinin böyük əksəriyyəti təqaüdə 67 yaşında çıxa bilir.

Bundan başqa İtaliya sakinləri olan kişilər 42 il 10 ay, qadınlar isə 41 il 10 ay əmək təcrübəsi olduğu halda yaşından asılı olmayaraq təqaüdə çıxa bilər.

Qanun özəl sektor üçün apreldə, dövlət idarələrində çalışanlar üçün isə avqust ayında qüvvəyə minəcək.