“İşsizin DOSTU” proqramı çərçivəsində 16 minədək vətəndaş ictimai işlərə cəlb olunub

Qeyd edək ki, layihə çərçivəsində işlə təmin olunan şəxslərin 3 mini Bakı şəhərində qeydiyyatdadır
Sputnik

Bakı, 30 yanvar - Sputnik. Bu gün “İşsizin DOSTU” proqramının icrasına dair mətbuat konfransı keçirilib. Sputnik Azərbaycan xəbər verir ki, konfransı giriş sözü ilə açan “DOST İş Mərkəzi”nin direktoru Niyazi Rəhimov layihə barədə ətraflı məlumat verib. 

O qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin  təşəbbüsü əsasında hazırlanmış “İşsizin DOSTU” proqramının cari ilin əvvəlindən icrasına başlanılıb: “Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin (DOST Agentliyinin) “DOST İş Mərkəzi” tərəfindən proqram çərçivəsində respublikamızın rayon və şəhərləri üzrə artıq 16 minədək işsiz vətəndaş əmək müqaviləsi əsasında  ödənişli ictimai işlərə cəlb olunub”.

“İşsizin DOSTU” proqramı çərçivəsində 16 minədək vətəndaş ictimai işlərə cəlb olunub

Direktor Prezidentin “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının yekunlarına həsr olunan konfransdakı çıxışında iş yerlərinin yaradılmasının prioritet məsələlərdən biri olduğunu qeyd etməsini xatırladıb: “Cənab İlham Əliyev deyib: “O bölgələrdə ki, işsizlik var, biz o bölgələrdə işsizliklə mübarizə aparmaq üçün ictimai işlər açmışıq. Bir neçə ildir ki, bu təşəbbüs reallaşır və ictimai işlərdə minlərlə insan işləyir və əməkhaqqı alır””.

Niyazi Rəhimov qeyd edib ki, “İşsizin DOSTU” proqramı haqqı ödənilən ictimai işlərin təşkili işlərinin sistemli və şəffaf şəkildə qurulmasına və genişləndirilməsinə xidmət edir: “Proqram çərçivəsində ictimai işlərə cəlb olunan vətəndaşlar rayon (şəhər) Məşğulluq mərkəzlərində iş axtaran və ya işsiz kimi qeydiyyatda olan şəxslər arasından müəyyən edilirlər. Bu zaman həssas qruplardan olanlara (əlilliyi olanlara, məcburi köçkünlərə, şəhid ailəsi üzvlərinə və b.) üstünlük verilir. “Məşğulluq haqqında” Qanununa əsasən, haqqı ödənilən ictimai işlər işsiz şəxslərin müvəqqəti məşğulluğunu təmin etmək məqsədi ilə təşkil edilir və bu iş yerləri ilkin peşə hazırlığının olmasını tələb etməyən ictimai faydalı xarakter daşıyırlar. Ödənişli ictimai işlərə sosial xidmətlərin göstərilməsi, təmir, abadlaşdırma, ərazilərin ekoloji sağlamlaşdırılması, o cümlədən yaşıllaşdırma işləri, parklara, ictimai yerlərə qulluq və s. daxildir”. 

Mərkəzin direktoru diqqətə çatdırıb ki, proqram çərçivəsində ictimai işlərə cəlb olunanların hər biri ilə əmək müqaviləsi bağlanılır: “Müqavilə nazirliyin Əmək Müqaviləsi Bildirişi üzrə Elektron İnformasiya Sistemində qeydiyyatdan keçirilərək rəsmiləşdirilir. Bu da  həmin şəxslərin sosial sığorta sistemində qeydiyyata alınmaqla, gələcəkdə pensiya hüquqlarının yaranmasına əsas yaradır, yaxud  mövcud fərdi hesablarında pensiya kapitallarını artırmalarına imkan verir. Onlara əməkhaqqı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “DOST İş Mərkəzi” tərəfindən ödənilir və işlərin xarakterindən, əmək funksiyasından asılı olaraq əmək haqqı müəyyən olunur. İşçinin sosial sığorta, habelə işsizlikdən sığorta ödənişləri də “DOST İş Mərkəzi” tərəfindən həyata keçiriləcək”.

Direktor qeyd edib ki, bu il belə işsizlərin 30 minini işlə təmin etmək hədəflənib: ““İşsizin DOSTU” proqramı icrası üçün nəzərdə tutulmuş vəsait cari ildə 30 minədək  işaxtaran və ya işsiz kimi qeydiyyatda olan şəxsin ödənişli ictimai işlərə cəlb edilməsinə imkan yaradıb. Artıq yanvar ayında 16 minədək işsiz vətəndaş bu işlərə cəlb edilib. Qalanları fevral ayı ərzində işlərə cəlb ediləcək”. 

Mətbuat konfransında o qeyd olunub ki, ““İşsizin DOSTU” proqramı çərçivəsində əmək müqaviləsi işçi ilə 1 illik bağlanır və müvəqqəti xarakter daşıyır: “Gələcəkdə isə işçinin istəyindən asılı olaraq müqavilə müddəti artırıla bilər. Bu işçilər günün bir hissəsi, yaxud həftənin müəyyən günlərində işləyir”.

Qeyd edək ki, layihə çərçivəsində işlə təmin olunan şəxslərin 3 mini Bakı şəhərində qeydiyyatdadır. Yaş həddi 18-65 arasındadır və qadınlar çoxluq təşkil edir.