CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Azərbaycanın hər yerində AXC qurucularına heykəllər qoyulmalıdır"

Sabir Rüstəmxanlı: "Rəsulzadənin bir kərə yüksələn bayraq bir daha enməz şüarı istiqlaliyyət əldə etmək istəyən xalqların şüarına çevrilib"
Sputnik

BAKI, 30 yanvar — Sputnik. Bu gün Beynəlxalq Mətbuat Mərkəzində Dünya Azərbaycanlıları Konqresi (DAK) və Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) birgə təşkilatçılığı ilə Məhəmməd Əmin Rəsulzadənin 135 illiyi münasibətilə tədbir keçirilib. 

“Başımızı yerə soxdular...” – Bələdiyyə sədri Rəsulzadənin barelyefindən danışdı

Sputnik Azərbaycan xəbər verir ki, tədbiri giriş sözü ilə açan VHP sədri Sabir Rüstəmxanlı bildirib ki, Məhəmməd Əmin Rəsulzadənin keçdiyi yolu bilmək hər bir azərbaycanlının vətəndaşlıq borcudur: "O, son minillik tariximizin yetirdiyi ən dahi şəxsiyyətlərdən biri, bəlkə də birincisidir. Onun Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasında və müstəqil Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasında lider kimi gördüyü işlər danılmaz həqiqətlərdir".

"Rəsulzadənin taleyinin Cümhuriyyətdən sonrakı dövrü də çox keşməkeşli olub. Onun "Bir kərə yüksələn bayraq bir daha enməz" şüarı istiqlaliyyət əldə etmək istəyən xalqların şüarına çevrilib" - Rüstəmxanlı vurğulayıb.

O qeyd edib ki, M.Ə.Rəsulzadə həm də nəhəng nəzəriyyəçi olub: "Onun milli həmrəyliyi ifadə edən fikirləri bütün dövrlər üçün dövlətin qorunmasında vacib şərtlərdən biridir. Biz tarixi şəxsiyyətlərimizin qədrini bilməliyik".

"Bugünkü dövlətimiz AXC-nin varisidir. Düşünürəm ki, Cümhuriyyət dəyərlərinə sayğı ilə yanaşmalıyıq və Azərbaycanın hər yerində o dövlətin qurulmasında iştirak edən böyük şəxsiyyətlərə heykəllər qoyulmalıdır" - VHP sədri əlavə edib.