İQTİSADİYYAT

"Özəl sektoru da icbari tibbi sığortaya cəlb etmək lazımdır"

Ekspert: "2018-ci ilin yekunlarında gömrük gəlirlərində 1,4 milyard manatlıq əlavə yığım kölgə iqtisadiyyatının leqallaşdırılması ilə bağlıdır"
Sputnik

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 28 yanvar — Sputnik. "İcbari tibbi sığortanın Azərbaycanda tətbiqi kölgə iqtisadiyyatına qarşı mübarizə tədbiri kimi qiymətləndirilə bilər". Bunu Sputnik Azərbaycan-a iqtisadçı-ekspert Vüqar Bayramov kölgə iqtisadiyyatına qarşı mübarizədən danışarkən deyib.

"Özəl sektoru da icbari tibbi sığortaya cəlb etmək lazımdır"

Onun sözlərinə görə, Azərbaycanda kölgə iqtisadiyyatına qarşı mübarizə vacib hədəflərdən biridir: "Xüsusən əvvəlki illərdə ən tipik problemlərdən biri kölgə iqtisadiyyatı olub və xüsusilə vergi və gömrük sistemində kölgə iqtisadiyyatı daha çox müşahidə olunub. 2018-ci ilin yekunlarında gömrük gəlirlərində 1,4 milyard manatlıq əlavə yığım kölgə iqtisadiyyatının leqallaşdırılması ilə bağlıdır. Praktiki olaraq 2018-ci ildə, xüsusilə gömrük və vergi sistemində kölgə iqtisadiyyatının leqallaşdırılması istiqamətində addımların atıldığını müşahidə edirik".

Ekspertin fikrincə, burada fərqli metodlardan istifadə edilməsinə ehtiyac var: "İcbari tibbi sığortanın Azərbaycanda tətbiqi kölgə iqtisadiyyatına qarşı mübarizə tədbiri kimi qiymətləndirilə bilər. Azərbaycan uzun müddətdir ki, icbari tibbi sığortanın tətbiqinə çalışır və təbii ki, əsas məqsəd budur. Amma, təəssüf ki, hələ də icbari tibbi sığortanın Azərbaycanda tətbiqi reallaşmayıb. Bu, icbari tibbi sığorta ödənişləri ilə bağlı meyarların tam olaraq müəyyən edilməməsi, eləcə də xəstəxanaların icbari tibbi sığortanın tətbiqinə tam hazır olmaması ilə bağlıdır".

"Bu baxımdan, icbari tibbi sığorta birmənalı şəkildə, xüsusilə səhiyyə sektorunda, o cümlədən qeyri-rəsmi məşğulluqda kölgə iqtisadiyyatının payının azalmasına gətirib çıxara bilər. Bu, kölgə iqtisadiyyatına birbaşa təsir göstərə bilər. Amma bunun üçün xəstəxanaların da icbari tibbi sığortanın tətbiqinə hazır olmasına ehtiyac var" - deyə Bayramov bildirib.

O, qeyd edib ki, hələlik dövlət xəstəxanalarının bu prosesə cəlb edilməsi nəzərdə tutulub: "Amma biz dövlət xəstəxanaları ilə yanaşı özəl xəstəxanaların da prosesə cəlb edilməsinin tərəfdarıyıq. Pilot rayon və şəhərlərdə icbari tibbi sığortanın tətbiqi həyata keçirilir və bunun daha da genişləndirilməsinə ehtiyac var. Amma xüsusilə özəl sektorun icbari tibbi sığortanın tətbiqində payının artırılmasına ehtiyac var".

İcbari tibbi sığorta üzrə haqların məbləği müəyyənləşib

"Çox təəssüf ki, xüsusilə ödənişlərin qeydiyyata alınmaması və qeyri-rəsmi ödənişlərin həcminin yüksək olması özəl xəstəxanalardan fərqli olaraq dövlət xəstəxanaları üçün daha spesifikdir. O baxımdan dövlət xəstəxanalarının prosesə cəlb edilməsi bu sektorda həm gizli iqtisadiyyatın, həm də qeyri-rəsmi məşğulluğun payının azalmasına gətirib çıxara bilər" - deyə iqtisadçı vurğulayıb.

Mütəxəssisin qənaətincə, prosesin daha effektli olması üçün özəl sektorun da buraya cəlb edilməsinə ehtiyac var: "İcbari tibbi sığorta, xüsusilə səhiyyə sahəsində kölgə iqtisadiyyatına qarşı mübarizə tədbiri kimi tətbiq oluna bilər. Amma prosesin səmərəli olması üçün burada iştirakçılıq yalnız dövlət sektoru ilə məhdudlaşmamalıdır".

Qeyd edək ki, prezident İlham Əliyev yanvarın 11-də Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında deyib ki, Azərbaycanda kölgə iqtisadiyyatı olmamalıdır: "Düzdür, elə bir ölkə yoxdur ki, orada kölgə iqtisadiyyatı olmasın. Biz kölgə iqtisadiyyatına qarşı həm inzibati, həm də institusional yollarla, o cümlədən islahat yolu ilə mübarizə aparırıq və aparacağıq. Vergi sahəsində aparılan islahatlar qanunsuz məşğulluğa son qoymalıdır".

"Hesab edirəm ki, icbari tibbi sığortanın tam işə düşməsi nəticəsində qanunsuz məşğulluq bir amil kimi, ümumiyyətlə, aradan qaldırılacaq. Kölgə iqtisadiyyatına qarşı mübarizə metodları kifayət qədər çoxşaxəlidir. Biz onların hamısından istifadə edirik və edəcəyik" – deyə Prezident qeyd edib.