BAKI, 28 yanvar — Sputnik. Abşeron Rayon Polis İdarəsinə (ARPİ) ötən il dekabrın 6-sı saat 4 radələrində Hökməli qəsəbəsindəki evlərin birində quldurluq hadisəsi baş verdiyi barədə məlumat daxil olub. Bu barədə Sputnik Azərbaycan-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, maskalı şəxs pəncərədən evə girərək, bıçaqla ev sahibi olan qadını hədələyərək pul və qızıl əşyalar verməsini tələb edib. Evdə dəyərli əşya olmadığındqan oğru oranı tərk edib, bir neçə gün sonra təkrarən eyni üsulla həmin evə girib və oradan oğurluğa cəhd göstərib.
Polis əməkdaşları tərəfindən müraciətlə əlaqədar müvafiq araşdırmalar aparılıb. Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində bu cinayət əməlini törətməkdə şübhəli bilinən qəsəbə sakini H.Bayramov müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıb.
Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun qəsəbə ərazisindəki daha bir evə girib oradan 1000 manat dəyərində qızıl-zinət əşyaları oğurlaması, bir müddət sonra təkrarən eyni ünvana pəncərədən girərək ev sahibinin arvadı və qızını quldurluq yolu ilə hədələyib oradan gümüş əşyası aparması da müəyyən edilib.
Hazırda faktla bağlı aşdırma aparılır.