İQTİSADİYYAT

Orxan Məmmədov qadın sahibkarlığının inkişaf etdirilməsindən danışır

Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov deyir ki, kənd yerlərində qadın məşğulluğunun daha perspektivli istiqamətləri müəyyənləşdiriləcək
Sputnik

Qadın sahibkarlığının inkişaf etdirilməsi Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin qarşısında duran prioritet məsələlərdəndir. Sputnik Azərbaycan xəbər verir ki, bunu Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov “Qadın sahibkarların güzəştli maliyyə resurslarına çıxışlarının dəstəklənməsi” mövzusunda keçirilən işgüzar görüşdə çıxışı zamanı deyib.

“Qadın sahibkarlığının inkişafı üzrə stimullaşdırıcı mexanizmlərin işlənib hazırlanması, bu sosial təbəqə üçün kreditləşmə, vergiqoyma və digər güzəştləri nəzərdə tutan stimullaşdırıcı mexanizmlərin işlənib hazırlanmasını nəzərdən keçiririk. Bu mexanizmlər Azərbaycanda qadınların iqtisadi təşəbbüskarlığının reallaşdırılması imkanlarını əhəmiyyətli dərəcədə artıracaqdır. Mexanizmlər hazırlanan zaman, xüsusilə kənd yerlərində qadın məşğulluğu məsələsi diqqət mərkəzində olacaqdır. Kənd yerlərində qadın məşğulluğunun daha perspektivli istiqamətləri müəyyənləşdiriləcək və müvafiq tədbirlər görüləcəkdir. Qadınların sahibkarlığının inkişafının dəstəklənməsinin təşkilati modellərinin yaradılması da diqqət mərkəzindədir. Bu baxımdan, Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının bu istiqamətli biznes inkubatorunun yaradılması təşəbbüsünü dəstəkləyəcəyik. İnkubatorların yaradılması və inkişafı qadınların sahibkarlıq təşəbbüsünün dəstəklənməsi, yeni biznes və məşğulluq imkanlarının yaradılması baxımından əhəmiyyətli olacaq, qadın sahibkarlığı sahəsinə investisiyaların cəlb olunması və maliyyələşmə üçün əlavə imkanlar yaradacaqdır”.

Orxan Məmmədovun fikirlərinə audiofaylda qulaq asa bilərsiniz