Hürrəm Sultanın etnik mənşəyi barədə mübahisələr davam edir

Hürrəmin hərəmxanaya düşdüyü zamana qədər olan həyatı barədə sənədli mənbə yoxdur
Sputnik

BAKI, 27 yanvar — Sputnik. Ukraynanın Türkiyədəki səfirliyinin xahişi ilə Süleymaniyyə məscidində dəfn edilən Sultan Süleymanın həyat yoldaşı Roksolananın rus mənşəli olması haqqında olan məlumat turistlər üçün nəzərdə tutulmuş izahat mətnindən silinib.

"Mütəmədi olaraq tarixi həqiqətləri bərpa edirik. Səfirliyin müraciətinə əsasən Süleymaniyyə məscidində onun dəfn edildiyi yerdə türk tərəfi izahat mətnindən Sultan Süleymanın həyat yoldaşı Roksolananın rus əsilli olması barədə olan məlumatı götürdü", - deyə Ukraynanın Türkiyədəki səfirliyinin Facebook səhifəsində qeyd edilib.

Roksolananın əsl adı və doğum tarixi (1502(?)/1505(?) - 1558) məlum olmasa da, tarixçilərin fikrincə Ukrayna əsilli olan cariyə, İslamı qəbul etdikdən sonra Hürrəm adı ilə Sultan Süleymanın həyat yoldaşı olub. O II Sultan Səlimin anası olub.

Hürrəmin hərəmxanaya düşdüyü zamana qədər olan həyatı barədə sənədli mənbə yoxdur. Ancaq ədəbiyyatda onun milliyəti barədə müxtəlif əfsanələr yaranıb.

Bəzi mənbələrə görə, onun adı Anastasiya və ya Aleksandra Qavrilovna Lisovskaya olub və Ukraynadan olan provaslav kahinin qızı imiş.

Digər versiyaya görə, isə o Ukraynanın Xmelnitsk diyarında doğulub. Məlumata görə, qızın 15 yaşı olanda Krım tatarlarının hücumu zamanı əsir düşüb və bir neçə dəfə satıldıqdan sonra Sultan Süleymana hədiyyə edilib.