BAKI, 26 yanvar — Sputnik. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan yaxın aylarda Suriyanın şimalında təhlükəsizlik zonasının yaradılacağına söz verib. Bu barədə Sputnik Azərbaycan "NTV"-yə istinadən xəbər verir.
"Biz gözləyirik ki, təhlükəsizlik zonası yaxın aylarda yaradılacaq. Biz bu və ya digər formada təhlükəsizlik zonasını yaradacağıq. Biz öz tərəfdaşlarımızdan bu məsələdə məntiqi dəstək gözləyirik" - deyə Ərdoğan Ərzurumda çıxışı zamanı bildirib.
Ərdoğan vurğulayıb ki, Türkiyənin Suriya ərazisində əməliyyat keçirmək üçün heç kimin icazəsi lazım deyil. Onun sözlərinə görə, bu barədə Ankaranın 1998-ci ildə Adanada Suriya ilə bağlı müqavilə əsasında hüququ var.
Türkiyə lideri söz verib ki, Ankara terrorçularla qətiyyətli mübarizəni davam etdirəcək.