Şahpəri Abbasova, Sputnik Azərbaycan
BAKI, 26 yanvar — Sputnik. Ötən əsrlərdən bəri Şəkidə milli dəyərlərimizi təbliğ edən qədim xalq sənəti nümunələri inkişaf edib, bu günümüzə qədər gəlib çatıb. Şəki sənətkarları ata-babalarından qalan qədim peşələri qoruyub saxlamağı bacarıblar.
Bu dəfə qədim şəhərdə "Şöyüb oğulları" kimi də tanınan, zamanında məşhur dulusçu olan Şöyüb Məmmədovun oğlu Əhəd Məmmədovun emalatxanasında qonaq olduq. Həmsöhbətimiz Şəki şəhərinin yuxarı, dağlıq ərazisində yerləşən "Duluslar" məhəlləsində yaşayır.
Ə.Məmmədov Sputnik Azərbaycan-a öz sənəti haqqında danışarkən bildirdi ki, dulusçuluq nəsildən-nəslə ötürülən sənətdir: "Atam SSRİ Rəssamlar İttifaqının üzvü olub, Şəkidə dulusçu kimi çox tanınıb. Babam Həbibullah Məmmədov da, qardaşım Azərbaycan Rəssamlar İttifaqının üzvü Hümmət Məmmədov da Şəkinin məşhur dulusçusu olub".
Sənətkar öz övladlarına da bu peşəni sevdirməyi bacarıb. Babasının adını daşıyan Şöyüb və digər övladı Oruc da bu qədim və olduqca zəhmət tələb edən peşəni davam etdirir.
Qəhrəmanımızın dediyinə görə, gözlərini açıb, elə bu sexdə böyüyüblər: "Atam bizə öyrədib, mən də, qardaşım da öz övladlarımıza öyrədirik. Çalışırıq, sənət itib-batmasın. Həm də bu, bizim "çörək təknəmiz"dir. Yaxşı sənətkar olsalar, onlar da bu peşədən pul qazana biləcəklər".
Bir zamanlar Şəkidə xeyli sənətkar olmasına baxmayaraq, bu gün barmaqla sayılacaq qədər dulusçu qalıb. Sənətkar bunun səbəbinə belə aydınlıq gətirdi: "Qədim peşələr zəhmət tələb edir. Hər adam da bu zəhmətə qatlaşmaq istəmir. Üstəlik bu peşələr insanın genindən gəlir. Kənar insana nə qədər öyrətməyə çalışsam da, o öyrənə bilər, amma davam edəcəyini düşünmürəm. Elə buna görə də tələbə götürmürəm".
O, qədim peşənin çətinliyindən də danışdı: "Keyfiyyətli saxsı qab hazırlamaq üçün gərək yaxşı material əldə edəsən. Əvvəllər torpaq-gil materialını Şəkinin dağlıq hissələrindən tapmaq mümkün idi. Həmin ərazilər satıldıqdan sonra məcburuq qalmışıq ki, gedib Qəbələdən torpaq gətirək".
Dulusçu saxsı qabın hazırlanma prosesindən də həm danışdı, həm də canlı nümayiş etdirdi. Bildirib ki, bu, bir neçə mərhələdən ibarətdir: "Əvvəlcə gil əllə yaxşıca yoğurulur, sonra kiçik kündələrə ayrılır. Ayrılmış kündələr elektron tərəzidə ölçülür. Palçıq ölçüldükdən sonra kündə ayaqla fırladılan çarxın üzərinə qoyulur. Ovucun və əl barmaqlarının köməyi ilə gil parçası saxsı qaba çevirir".
"Zövqə uyğun olaraq bu qablara müxtəlif forma verilir. Hazırlanmış saxsı qablar bir neçə gün qurudulduqdan sonra kürədə bişirilmək üçün yığılır. Saxsı qabları bişirmək cücün isə odundan istifadə olunur. Qabların bişirilməsinə də fikir vermək lazımdır. Oduna qənaət etsək, qabın ömrü az olacaq".
Qeyd edək ki, sexdə təkcə elektron tərəzi müasir texnikaya aiddir. Əvvəllər kündələr gözəyarı ölçülürmüş. Elektron tərəzidə isə bu daha tez başa gəlir.
Ustanın sözlərinə görə, bazarda saxta dulus mallarına da rast gəlinir: "Şəkidə hazırlanan dulus qabları fərqlənir. Bizim dulus qablarımız qırmızı olur. Alıcılara məsləhət görürəm ki, alan zaman qabın cingiltisinə fikir versinlər. Qaba çırtma vurduqda cingiltisindən onun necə mal olduğunu hiss edəcəklər. Digər bir fərq isə onun ucuzluğundadır. Şəkidə hazırlanan dulus qabları o birilərinə nisbətən baha olur. Səliqəli işlənərsə, bir dulus qabının ömrü 15-20 ildir. Saxta dulus qabları isə tez sıradan çıxır".
Dulusçunun dediyinə görə, saxsı qablar həm də insanların sağlamlığını qoruyur: "Nə zaman ki, insanlar rahatlığa qaçdı, xəstəliklərin sayı artmağa başladı. Bu gün xəstəliklərin artmasının əsas səbəbi istifadə etdiyimiz qabların kimyəvi tərkibidir. Yemək hazırlayırıq, artıq qalanını soyuducuya qoyuruq. Sözsüz ki, yemək soyuducuda qalanda tərkibi dəyişir. Bu da sonradan xəstəliklərə yol açır. Bizdən əvvəlki nəsillərin sağlam, uzunömürlü olmasının əsas səbəbi qidalanma və təmiz hava olub. Təəssüf ki, 21-ci əsrin insanı hər ikisindən - təmiz havadan və təmiz qidandan məhrumdur".
90-cı illərin əvvəllərində ölkədə yaşanan durğunluq Məmmədovların da peşə fəaliyyətinə təsirsiz ötüşməyib: "Həmin dövr bütün sahələrdə olduğu kimi bizim də işimizdə geriləmə var idi. Əsas alıcılarımız restoran işçiləridir. Həmin dövrdə əksər restoranlar bağlandığından satış da yox idi. Biz də işimizi məcburən dayandırmalı olduq. Çox şükür ki, sonradan bu problem aradan qalxdı".