Nikolas Maduroya daha bir zərbə vuruldu

Venesuela Mərkəzi Bankının xaricdəki ehtiyatları 8 milyard dollardır və onlardan bir hissəsi İngiltərə Bankında saxlanılır.
Sputnik

BAKI, 26 yanvar — Sputnik. İngiltərə Bankı Venesuela prezidenti Nikolas Maduroya 1,2 milyard dollar məbləğində qızıl ehtiyatını qaytarmaqdan imtina edib.

Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, iddialara görə, qərar yüksək rütbəli Amerika məmurlarının Maduronun xaricdəki aktivlərə çıxışının qapadılması xahişindən sonra verilib. Mənbələrdən birinin məlumatına görə, onların arasında ABŞ-ın dövlət katibi Mayk Pompeo və ABŞ prezidentinin məsləhətçisi Con Bolton da var.

Venesuela Mərkəzi Bankının xaricdəki ehtiyatları 8 milyard dollardır və onlardan bir hissəsi İngiltərə Bankında saxlanılır.

ABŞ Maliyyə Nazirlyinin məlumatına görə, ABŞ və Venesuela arasında iqtisadi münasibətlər Xuan Quaidonun dövlət başçısı kimi qəbul edilməsindən sonra bərpa oluna bilər.

"Bu həftə ABŞ prezidenti Tramp Xuan Quaidonu Venesuelanın müvəqqəti prezidenti kimi tanıyıb. ABŞ və Venesuela arasında olan diplomatik və iqtisadi münasibətlər Xuan Quaido və Milli Assambleya tərəfindən razılaşdırılmalıdır" - açıqlamada bildirilib.

Qeyd edək ki, özünü müvəqqəti olaraq Venesuela prezidenti elan edən Xuan Quaido İngiltərə Bankının Nikolas Maduroya 1,2 milyard ehtiyat qızılı verməkdən imtina etməsini şərh edib.

"Venesuelanın aktivlərinin qorunması prosesi başlayıb. Biz daha qida, dərman və uşaqlarımızın gələcəyi üçün nəzərdə tutulmuş pulların sui-istifadəsinə və oğurlanmasına icazə verə bilmərik" - o, öz Twitter hesabında yazıb.