BAKI, 26 yanvar — Sputnik. "2018-ci ildə Bakı şəhərinin 8 rayonunun, habelə ölkənin 6 rayonunun icra hakimiyyəti orqanlarının fəaliyyətinə dövlət şəhərsalma nəzarəti çərçivəsində şəhərsalma qanunvericiliyinin və normativ-hüquqi sənədlərin tələblərinin pozulması faktları aşkar edilib".
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Samir Nuriyev Dövlət Şəhərsalma və Arxitektura Komitəsində 2018-ci ilin yekunlarına həsr olunmuş geniş tərkibli kollegiya iclasında deyib.
O, qeyd edib ki, bununla bağlı müvafiq nöqsanları aradan qaldırmaq məqsədilə ümumilikdə 22 icrası məcburi olan "Göstəriş" tərtib olunaraq yerli icra hakimiyyəti orqanlarına təqdim olunub.
"Eyni zamanda, 21 fakt üzrə pozuntularda cinayət əməlləri olduğundan müvafiq məlumat Baş prokurorluğuna təqdim olunub, faktlar üzrə araşdırmalara başlanılıb, bir hissəsi üzrə cinayət işləri açılıb.
Komitə sədri həmçinin bildirib ki, 2018-ci ildə ümumi sahəsi 2 084 700 kvadrat metr və ya ötən illə müqayisədə 3,3% çox yeni yaşayış evləri tikilib istifadəyə verilib.