HADİSƏ

Atın otlaq sahəsinə bağlanması güllələnməylə bitib

Tovuzda qohumlar arasında mübahisə qanlı insidentlə başa çatıb
Sputnik

BAKI, 26 yanvar — Sputnik. Tovuz rayonunda güllələnmə hadisəsi baş verib. Sputnik Azərbaycan-ın bölgə müxbirinin məlumatına görə, rayonun Abulbəyli kənd sakini, 1990-cı il təvəllüdlü Eldəniz Zirəddin oğlu Kərimov sağ topuq nahiyəsindən güllə yarası alıb. Tovuz rayon Mərkəzi Xəstəxanasına yerləşdirilən E.Kərimovun vəziyyətinin orta-ağır olduğu bildirilir. Hadisəyə səbəb atın otlaq sahəsinə bağlanması olub. Tərəflər arasında buna görə yaranan etiraz mübahisə və qanlı hadisə ilə nəticələnib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə Regional Grupundan Sputnik Azərbaycan-a verilən məlumata görə, hadisəni törətməkdə şübhəli bilinən 1993-cü il təvəllüdlü Fuad Rahim oğlu Əliyev artıq Tovuz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində saxlanılıb və istintaqa cəlb olunub. Hadisə zamanı istifadə edilən"İJ-27" markalı tüfəng  polis tərəfindən götürülüb.

Faktla bağlı araşdırma aparılır.