CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Gömrükdə inanılmaz fırıldağın üstü açıldı

Baxış zamanı avtobusun üzərindəki metal lövhə və ban nömrəsinin kustar üsulla vurulması gömrükçülərdə şübhə yaradıb
Sputnik

BAKI, 25 yanvar — Sputnik. Köhnə model avtobusla Gürcüstana gedərək bir gün sonra eyni dövlət qeydiyyat nömrə nişanı altında yeni model nəqliyyat vasitəsi ilə ölkəmizə geri qayıdan həmyerlimizin əməlinin üstü açılıb. Bu barədə Sputnik Azərbaycan-a Dövlət Gömrük Komitəsindən məlumat verilib.

Gömrük əməkdaşı iş başında keçindi

Məlumata görə, Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat şöbəsinə bir qrup şəxsin sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə edərək Azərbaycan Respublikasına nəqliyyat vasitələri gətirilməsi barədə məlumat daxil olub. Azərbaycan Respublikası vətəndaşı Qasımov Şəmsəddinə məxsus "SUMIT DAF EUROLİNES" markalı avtobus gömrükçülər tərəfindən saxlanaraq Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinin dayanacağına gətirilib və gömrük baxışı keçirilib. Baxış zamanı avtobusun üzərindəki metal lövhə və ban nömrəsinin kustar üsulla vurulması gömrükçülərdə şübhə yaradıb.

İlkin araşdırma zamanı məlum olub ki, Şəmsəddin Qasımov idarə etdiyi 1981-ci il buraxılışlı, ağ "SUMIT DAF EUROLİNES" markalı 00200330 şassi nömrəli 90-ZD-837 dövlət nömrə nişanlı avtobusla Gürcüstan Respublikasına gedərək ona məxsus avtobusu yeni modeli ilə əvəz edib, gömrük-vergi rüsumlardan yayınaraq ağ, bənövşəyi, sarı rəngli 00200330 şassi nömrəli, üzərində 90-ZD-837 dövlət qeydiyyat nömrə nişanı olan avtobusla Azərbaycan Respublikası ərazisinə sərnişinlərlə birgə qayıdıb.

Daha sonra Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspert arayışına əsasən müəyən edilib ki, "SUMIT DAF EUROLİNES" markalı avtobusun ön qapısında vintlə bərkidilmiş metal lövhəcik üzərində olan məlumatlara əsasən təqdim edilmiş nəqliyyat vasitəsi "DAF/VDL" markalı avtobusun 2001-ci il istehsalı olan "SB200" şassi tipidir.

Faktla bağlı araşdırma aparılır.