BAKI, 25 yanvar - Sputnik. "Gənclər siyasəti haqqında" qanuna dəyişiklik edilir. Sputnik Azərbaycan-ın məlumatına görə, qanunun 13-cü maddəsinə (Gənclər siyasətinin həyata keçirilməsinin maddi və maliyyə təminatı) dəyişiklik təklif olunur.
Təklifə əsasən, 13.1-ci maddədə "5 il" sözləri "10 il" sözləri ilə əvəz edilir. Təklif olunan variantda deyilir ki, gənclərin təhsili, tərbiyəsi, asudə vaxtının təşkili, fiziki və mənəvi inkişafı ilə bağlı fəaliyyət göstərən obyektlərin qorunmasına dövlət təminat verir.
Bu obyektlər qanunvericilikdə müəyyən olunmuş qaydada özəlləşdirildikdən sonra 10 il müddətində onların funksional təyinatının dəyişdirilməsinə və ya başqa məqsədlər üçün istifadə edilməsinə yol verilmir.
Mövcud variantda isə deyilir ki, gənclərin təhsili, tərbiyəsi, asudə vaxtının təşkili, fiziki və mənəvi inkişafı ilə bağlı fəaliyyət göstərən obyektlərin qorunmasına dövlət təminat verir. Bu obyektlər qanunvericilikdə müəyyən olunmuş qaydada özəlləşdirildikdən sonra 5 il müddətində onların funksional təyinatının dəyişdirilməsinə və ya başqa məqsədlər üçün istifadə edilməsinə yol verilmir.