MƏDƏNİYYƏT

Emin Ağalarov gündəm xəbərə aydınlıq gətirdi: "İstintaq bitənədək zəmanət yoxdur"

Xalq artistindən Sputnik Azərbaycan-a özəl açıqlama: "Mənin adım heç bir sanksiya siyahısında yoxdur və ora heç vaxt düşməmişəm"
Sputnik

Kəmalə Əliyeva, Sputnik Azərbaycan

BAKI, 24 yanvar — Sputnik. ABŞ hökuməti Azərbaycanın Xalq artisti Emin Ağalarovun öz ərazisində sərbəst hərəkətinə və istintaqın sonuna qədər orada qalmasına zəmanət verməyib. Müğənni Sputnik Azərbaycan-a eksklüziv açıqlamasında ABŞ-a konsert turunu təxirə salma səbəbinin bununla bağlı olduğunu etiraf edib.

"Mənin adım heç bir sanksiya siyahısında yoxdur və ora heç vaxt düşməmişəm. Amerikaya getməməyimin və səfərimi təxirə salmağımın yeganə səbəbi Amerika hökumətinin mənim sərbəst giriş-çıxışıma və istintaqın bitməsinə qədər onun ərazisində qalmağına heç bir zəmanət verməməsidir. Bu, ilyarım, yaxud da daha artıq çəkə bilərdi" - deyə müğənni etiraf edib.

Xalq artisti risk etmək istəməyib, çünki onun 2019-cu ildə həddindən çox öhdəlikləri var: 50 konsert, Bakı və Dubayda beynəlxalq "JARA" musiqi festivalı, "JARA" musiqi mükafatlarının verilməsi. Bütün bunlar, Ağalarovun sözlərinə görə, onun irihəcmli biznes planlarıdır. Ən əsası isə, onun dörd uşağı var və onların qayğısına qalmaq lazımdır.

ABŞ-a növbəti konsert turu barədə isə müğənni deyib ki, heç nə ondan asılı deyil: "Biz konsertləri hələlik sadəcə təxirə salmışıq və tezliklə yeni tarixi açıqlayacağıq. Üstəlik, konsert verəcəyimiz şəhərlərin sayını da artıracağıq ki, ABŞ-a daha zəngin səfər proqramı ilə qayıdaq".

Müğənninin musiqi turuna görə maddi itkiləri 500 min dollardır. Ağalarovun ilk konserti yanvarın 26-da Nyu Yorkda, sonrakı konsertləri isə Toronto, Mayami və Los-Ancelesdə keçirilməli idi.

Xatırladaq ki, bir müddət əvvəl yayılan məlumatlara görə, ABŞ-ın xüsusi prokuroru Robert Müller müğənnini sorğuya çəkmək istəyir. Onu 2016-cı ilin iyununda "Trump Tower"-də keçirilən görüşün detalları maraqlandırır. Emin Ağalarov Donald Trampın oğlu ilə ABŞ-ın "Kremlə yaxın" saydığı rusiyalı vəkil Nataliya Veselnitskaya arasında görüşün təşkilində iştirak edib. Görüş Trampın seçki kampaniyasının qızğın vaxtında keçirilib.

Emin Ağalarov yeni dünyaya gələn övladına nadir ad verib

Emin Ağalarov "World Music Awards", "Azərbaycandan olan ən yaxşı ifaçı", "Qızıl qrammafon", "MUZ-TV Mükafatı" və bir çox digər beynəlxalq mükafatların laureatıdır. Müxtəlif ölkələrdə konsertlərlə çıxış edir. Müğənninin musiqi daxılında doqquz ingilisdilli albom, Warner Music və Sony ATV Music Publishing kimi aparıcı şirkətlərlə müqavilə də var. Ağalarov, həmçinin Qriqori Leps və Sergey Kojevnikovla birlikdə hər il Bakıda keçirilən "Jara" beynəlxalq musiqi festivalının təşkilatçısıdır.

2018-ci ilin son saatlarında "Crocus" imperiyasının varisi olan Emin Ağalarovun rusiyalı model Alyona Qavrilova ilə evlilikdən qızı dünyaya gəlib. Körpəni qədim yunan mifologiyasındakı hərb, zəfər, eləcə də müdriklik, bilik, incəsənət və sənətkarlıq ilahəsinin şərəfinə Afina adlandırıblar.

Müğənni 2015-ci ildə Azərbaycan Prezidenti İlham Əliyevin qızı Leyla Əliyeva ilə evliliyinə rəsmən son verib. Ağalarovla Əliyevanın Əli və Mikayıl adında əkiz oğlanları və övladlığa götürdükləri Əminə adlı qızları var.