MƏDƏNİYYƏT

Cənnət Səlimova teatrda baş verən inanılmaz olaylardan danışdı

Xalq artisti illərdir işlədiyi doğma teatrında baş verənlərdən narahatdır
Sputnik

Kəmalə Əliyeva, Sputnik Azərbaycan

BAKI, 22 yanvar — Sputnik. Bu günlərdə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının (GTT) rəhbərliyi 65 yaşa çatmış aktyorları ştatdan kənarlaşdırmaq və onlarla müqavilə əsasında əməkdaşlıq etmək barədə qərar qəbul edib. Bu qərar ən çox Azərbaycanın xalq artisti, teatrın quruluşçu rejissoru Cənnət Səlimovanı incidib. O özü bunu Sputnik Azərbaycan-a müsahibəsində etiraf edib.

Daha bir rejissor işsiz qaldı

- Cənnət xanım, GTT rəhbərliyinin yaşlı nəsildən olan aktyorlarla bağlı qərarını necə qarşıladız?

- Bu, böyük ədalətsizlikdir. Dramaturgiya təkcə gənclər üçün yazılmır. Orada ana, ata, nənə və babalar da iştirak edir. Mən başa düşə bilmirəm ki, bütün bu böyük rollarını kim oynayacaq?! Qocaları qovub truppanı gənclərlə doldurmaq düşünülməmiş qərardır. Mən hər dəfə Rusiya telekanallarına baxanda görürəm ki, onlar necə böyük qürur hissi ilə yaşı artıq 85-i keçmiş məşhur rus aktyorlarının yubileylərini qeyd edirlər. Onlar bu yaşlarına baxmayaraq, hələ də işləməyə davam edirlər. Təcrübəni, biliyi və əlbəttə ki, istedadı sadəcə gəncliyə dəyişmək olmaz.

Dəyişiklik zəruridir və bu, təbii yolla baş verməlidir, yoxsa, "gənclərə yer verirəm" deyə adamı qovub dalınca qapını bağlayaraq deyil. Bu, doğru deyil. Bu, hətta gənclərin özünü belə düzgün tərbiyə eləmir. Rəhbərlik teatrın siyasətini elə müəyyənləşdirməlidir ki, orada hamıya yer olsun, yaşlıya da, cavana da. Əgər aktyorun səhhəti səhnədə oynamağa imkan vermirsə, bu, başa düşüləndir, onda o, pensiyaya gedəcək. Amma əgər adam tamamilə sağlamdırsa, niyə işdən getməlidir? Misal üçün, Ağaxan Salmanlı. Əvvəla, tamaşaçılar onu tanıyır və sevir, ikincisi, onun istedadını, səhnə təcrübəsini heç bir gənc əvəz edə bilməz. Sonra da, onun rolunu kim oynayacaq? Axı o, cavan oğlan rolunu oynamır, həyatını yaşamış insanların rolunu oynayır.

Rejissor: "Çox aşağı məbləğ təklif edirlər, o pula Bakıda heç kirayə qalmaq mümkün deyil"

- Niyə bu qəbildən olan problemlər həmişə GTT aktyorlarının başına gəlir?

- Bu ona görə baş verir ki, yazıq aktyorlar teatr rəhbərliyinin və Mədəniyyət Nazirliyinin düşüncəsiz hərəkətlərinə görə cavab verməli olurlar. Kiminsə başına belə bir ideya gəlib ki, tamamilə başqa istiqamətlərdə olan teatrları bir dam altında birləşdirsin. Hazırda GTT-də daha 2 teatr - Gənclər Teatrı və Bakı Kamera Teatrı da fəaliyyət göstərir. Əgər GTT öz həyatını yaşasaydı, onda heç kəsi qovmaq lazım gəlməzdi. Bütün aktyorlar da paytaxtdakı digər teatrlarda olduğu kimi, öz işlərində işləyərdilər. Onlar üç teatrı birləşdirəndə heç kim düşünmədi ki, bu nə dərəcədə mümkündür. Axırda tamamilə şişmiş bir truppa alın. İndi isə qocaların hesabına balans yaratmaq qərarına gəliblər. Başa düşmürəm ki, onların düşüncəsiz hərəkətlərinin bədəlini niyə yazıq aktyorlar ödəməlidir.

Artıq uzun illərdir bu teatrda işləyirəm və düzünü desəm, məndə belə bir hiss var ki, sanki orada qanunsuz işləyirəm, baxmayaraq ki, mənim təcrübəmi, biliklərimi, qabiliyyətimi heç bir gənc əvəz edə bilməz. Hazırda Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində dərs deyirəm. Hətta bizim teatrda işləyən rejissorları da öyrədirəm. Amma bu şəraitdə mən özümü son dərəcə narahat və uyğunsuz hiss edirəm. Həmişə fikirləşirəm ki, əgər bu aktyorların yerində mən olsaydım, necə olardı? Əgər məni də belə qovsaydılar, özümü çox təhqir edilmiş, alçaldılmış və incidilmiş hesab edərdim.

Cənnət Səlimova teatrda baş verən inanılmaz olaylardan danışdı

- Ümumiyyətlə, Azərbaycan teatrlarının indiki vəziyyətini necə qiymətləndirirsiz?

- Teatrların eniş və ya inkişaf dövrü yoxdur. Onların həyatı var. O həyatda hər şey var: uğur da, uğursuzluq da, bizim məhrum edildiyimiz perspektiv də var, qayğı ilə yanaşdığımız keçmiş də. Hər bir teatr öz imkanları çərçivəsində yaşayır. Yer üzündə, Azərbaycanda və eləcə də Bakıda elə bir teatr yoxdur ki, inkişaf etmək, işləmək, tamaşaçını cəlb etmək istəməsin.

-Sizin fikrinizcə, hansı tamaşaları qoymaq lazımdır ki, tamaşaçılar teatra gəlsin?

- Hər kəs bu mövzuda narahatdır. Gücümüzün, istedadımızın imkan verdiyi çərçivədə düşünürəm ki, çox şeyə baxmalı, çox şeyi görməli, oxumalı və tutmalıyıq. Eyni zamanda tamaşaçıların marağını müəyyən etmək üçün sosioloji tədqiqatlar aparmaq lazımdır ki, bilək kimlər teatra gəlir, hansı yaşda olan insanlar, onlara nə maraqlıdır, onlar nəyi görmək istəyirlər. Bu, çox vacibdir. Bir rejissor olaraq məndən asılı olan hər şeyi edirəm. Mən tamaşaçılar üçün yaşayıram. Mənim tamaşalarım onlar üçündür. Məqsədim təkcə o deyil ki, tamaşaçılar mənim tamaşamı sadəcə bəyənsinlər, istəyirəm ki, həm də tamaşalarımı daha da yaxşı edim. Bunun üçün də quruluş verdiyimiz tamaşalar yaşadığımız zamanın bir hissəsi olmalıdır.

Dünya şöhrətli rejissor həyatını itirdi

- Öz həmkarlarınızın işini necə qiymətləndirirsiniz?

- Həmkarlarıma həmkarcasına və xeyirxahcasına münasibət göstərirəm. Mən bu çətin yolu keçmişəm və ona görə də rejissorluğun nə olduğunu bilirəm. Mən gənc həmkarlarıma universitetdə dərs deyirəm və onlara hər şeyi öyrətməyə çalışıram. Onların əksəriyyəti GTT-də və digər teatrlarda işləyirlər. Mən daim tələbələrimlə əlaqə saxlayıram, onların inkişafına vaxt ayırıram.

- Hazırda hansı tamaşa üzərində işləyirsiz?

- Mən "Don Juan"ı tamaşaya qoymağı çox istəyirəm. Artıq bununla bağlı ərizə vermişəm, ona baxılan kimi tamaşaya qoymağa başlayacağam. Bütün bunlarla yanaşı, hazırda Azərbaycan Dövlət Musiqili Teatrında Antuan de Sent-Ekzüperinin yaradıcılıq motivləri əsasında "Balaca şahzadə" tamaşasının məşqləri başa çatmaq üzrədir. Bu müzikl-şou Brodveyin motivləri əsasında hazırlanıb. Bu cür tamaşa ilk dəfədir Musiqili Teatrda qoyulur. Mən səbirsizliklə premyeranı gözləyirəm.