BAKI, 21 yanvar — Sputnik. Birləşmiş Ştatların Müdafiə Nazirliyi (Pentaqon) Çinin dünyada ən inkişaf etmiş silahlara sahib olduğunu və bəzi məsələlərdə öz rəqiblərini üstələdiyinə dair açıqlama yayıb. Bu barədə Sputnik Azərbaycan xarici mətbuata istinadən xəbər verir.
Pentaqonun Kəşfiyyat İdarəsinin hazırladığı hesabata əsasən, Çin bu ölkənin bazarına girmək istəyən xarici şirkətlərə qismən texnoloji sirlərini vermək məcburiyyətini nəzərdə tutan qanun layihələrini qəbul etdikdən sonra, son illərdə hərbi sahədə böyük irəliləyişlərə nail olub.
"Mümkün olan hər yolla texnologiyalar əldə edən Çin donanma, orta və uzun mənzilli raketlər və hipersəs sürətinə malik silahlar da daxil olmaqla bir sıra texnologiya növündə lider vəziyyətinə gəlib. Texnologiyanın inkişafı nəticəsində Çinin Xalq Qurtuluş Ordusu indi ən modern silah sisteminə sahibdir və hətta bəzi sahələrdə dünya lideridir" - deyə Pentaqondakı mənbə bildirib.
Pentaqonun Kəşfiyyat İdarəsinin hesabatında hava, dəniz, kosmik və kiber sahələrdə olan hərbi qabiliyyəti sahəsində Çinin bölgədə öz iradəsini qoruya biləcək duruma gəldiyi vurğulanıb. Orada qeyd olunur ki, Çinin regionda və dünyada istənilən hədəfləri vura biləcək və radarlara düşməyən orta və uzun mənzilli qırıcı təyyarələri var və 2025-ci ilə qədər bu qırıcların kütləvi istehsalına başlanacaq.