BAKI, 21 yanvar - Sputnik. Hesablama Palatası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində və komitənin tabeliyində olan qurumlarda apardığı audit yoxlamalarının nəticəsində aşkarlanmış hüquq pozuntuları ilə bağlı materialları Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilməsi barədə qərar qəbul edib.
Hesablama Palatasından Sputnik Azərbaycan-a verilən məlumata görə, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə və tabeliyində olan qurumlara dövlət büdcəsindən ayrılan vəsaitlərin istifadəsinə dair 2016-2017-ci illər və 2018-ci ilin birinci rübü üzrə audit aparılıb.
Audit nəticəsində normativ hüquqi aktların, eləcə də normativ-metodiki sənədlərin tələblərinə əməl edilməsi ilə yanaşı bəzi nöqsanlara yol verildiyi, Komitə tərəfindən əvvəlki auditin nəticələrinin aradan qaldırılması ilə bağlı tədbirlərin tam görülmədiyi, bəzi nöqsanların və artıqödəmələrin təkrarlandığı müəyyən edilib.
Komitə və onun tabeliyində olan qurumların bəzi əməkdaşlarının dövlət qulluğuna qəbul və onlara ödənilən əmək haqqı xərcləri qanunvericiliyin tələbləri nəzərə alınmadan həyata keçirilib, aparat işçilərinin ezamiyyə və nəqliyyat vasitələrinin yanacaq xərclərində artıq ödənişlərə yol verilib, müavinət almaq hüququ olmayan şəxslər üzrə də kommunal xidmət haqları ödənilib.
Yemək xərci üçün müavinət alan məcburi köçkünlərin adlı siyahıları ilə əraziləri işğal olunan rayonlar üzrə vəfat etmiş şəxslərin adlı siyahılarının üzləşdirilməsi zamanı müəyyən edilmişdir ki, bir sıra hallarda məcburi köçkünün vəfat etdiyi tarixdən sonra müavinət ödənişləri davam etdirilib, nəticədə dövlət büdcəsindən artıq müavinət ödənişinə yol verilib.
Hesablama Palatası tərəfindən Dövlət Komitəsində həyata keçirilmiş əvvəlki, eləcə də hazırkı nəzarət tədbirləri zamanı müəyyən edilmişdir ki, kommunal xidmətlər üzrə adlı siyahılarda məcburi köçkünlərin ad, soyad və ata adları düzgün göstərilməmiş, eyni şəxslərin adları dəfələrlə təkrarlanmış, vəfat etmiş, hərbi xidmətə çağırılmış, uzun müddət ərzində xarici ölkələrə getmiş və güzəştli kommunal xidmət hüququnu itirmiş məcburi köçkünlərin adları siyahılardan tam çıxarılmamışdır. Qanunvericilikdə tələb olunmasına baxmayaraq adlı siyahıların dəqiqləşdirilməsi müntəzəm olaraq həyata keçirilməyib.
Seçmə qaydada 7 ali təhsil müəssisəsi üzrə təhsil haqqından azad olmaq üçün təqdim edilmiş məcburi köçkün vəsiqələri barədə məlumatlar Komitənin müvafiq elektron məlumat bazası ilə üzləşdirilərkən 15 tələbənin ad, soyad və ata adları bazada aşkar edilməmiş, Komitə tərəfindən təsdiq edilmiş müvafiq protokollarda isə həmin tələbələrə verilmiş məcburi köçkünlüyü müəyyən edən vəsiqənin daha əvvəl başqa şəxslərə verildiyi öz əksini tapıb.
Hesablama Palatası Dövlət Komitəsi və tabeliyində olan qurumlar tərəfindən artıqödəmələrin audit dövründə bərpasının nəzərə alınması və yol verilmiş nöqsanların qısa müddətdə aradan qaldırılması, o cümlədən dövlət büdcəsindən ayrılmış vəsaitlərin təyinata uyğun xərclənməsinə və kommunal xidmət haqlarının yalnız qanunvericiliklə şamil edilən kontingent üzrə müvafiq normalar həddində ödənilməsinə ciddi nəzarətin təmin edilməsi, məcburi köçkünlərin adlı siyahılarının dəqiqləşdirilməsi, nöqsanlara yol vermiş vəzifəli şəxslərin Azərbaycan qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilməsi, verilmiş məcburi köçkün vəsiqələri barədə faktlar üzrə müəyyən edilmiş hüquq pozuntularının ciddiliyini nəzərə alaraq müvafiq materialların Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilməsi barədə qərar qəbul edib.