CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Metropoliten o gecə işləməsəydi...

Unudulmayacaq tarixin əbədi yaşayacaq xatirəsi
Sputnik

BAKI, 19 yanvar — Sputnik. 20 Yanvar. Xalqımızın yaddaşına qanla yazılmış tarix. Yaxın keçmişimizin unudulmaz, unudulması mümkünsüz, mahiyyəti ildən ilə daha aydın dərk edilən acı, həm də şərəf, qürur doğuran reallığıdır. Hər sətri daş-qaya üzərinə cızılmış yazı kimi əbədi qalacaq, əsrlər boyu yaşayacaq qanlı tarix səhifəsidir.

Metropoliten o gecə işləməsəydi...

Qanlı 20 Yanvar hadisələrindən 29 il keçir. 1990-cı il yanvarın 20-si Azərbaycanın müasir tarixinə ən faciəli günlərdən biri, eyni zamanda, xalqımızın qəhrəmanlıq səhifəsi kimi daxil olub. 29 il əvvəl yanvarın 19-dan 20-nə keçən gecə Sovet ordusunun qoşun birləşmələri Ermənistanın təcavüzkar hərəkətlərindən və keçmiş SSRİ rəhbərliyinin ermənilərə havadarlığından hiddətlənən, Bakının küçələrinə və meydanlarına çıxaraq buna öz qəti etirazını bildirən geniş xalq kütlələrinə qarşı hərbi əməliyyatlara başladı.

Doğma yurdunun, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan vətənpərvər Azərbaycan övladları həmin müdhiş gecədə canlarından keçərək, şəhidlik zirvəsinə ucaldılar.

Metropoliten o gecə işləməsəydi...

O gecə məsum insanlara açılan atəş tarixin axarını tam dəyişdi, milli intibahın, azadlıq hərəkatının qədərini müəyyən edən hadisə oldu.

Qırğın başlananda metronun sonuncu qatarı cədvəl üzrə depoya qayıtmalı, yeraltı nəqliyyat iş gününü başa vurmalı idi. Şəhərin şimal qapısı “XI Qızıl Ordu meydanı”nda tanklar barrikadaları yarıb, mərkəzə doğru irəliləməyə başladıqda, qatillərin əlindən canını qurtaran insanlar o vaxt  həmin meydanın adını daşıyan metro stansiyasına  (indiki - “20 Yanvar”)  sığınacaq yeri kimi pənah apardılar. Artıq ilk yaralılar da göründü. Platforma üzərində al qan izləri artırdı. Ağrıdan zarıyan, kömək diləyən insanları xəstəxanaya çatdırmaq üçün metro ən rahat vasitə idi. Yuxarıda təcili yardım maşınları belə atəşə tutulur, yardıma ehtiyacı olanlara yaxınlaşmaq olmurdu. Belə bir vəziyyətdə metropoliten rəhbərliyi qatarların səhərə kimi işləməsi barədə qərar qəbul etdi. Qanlı yanvar gecəsində metropolitençilər həyatlarını riskə ataraq, sübhədək yaralıları, öldürülənləri qorxu bilmədən, fədakarlıqla xəstəxanalara daşıdılar, xain gülləsindən qaçanları qorudular. Bəlkə də metropolitençilər o gecə səhərə qədər iş başında olmasaydılar, stansiyaların yerləşdiyi ərazilərdə, o cümlədən “Koroğlu” (o vaxt – “Əzizbəyov”) və “İçərişəhər”də (o vaxt – “Bakı Soveti”), xüsusən “20 Yanvar” (o vaxt – “XI Qızıl Ordu meydanı”) stansiyası ətrafında həyatlarını riskə atıb əhaliyə yardım əlini uzatmasaydılar, öldürülənlərin sayı minlərlə ölçülərdi.

Metropoliten o gecə işləməsəydi...

Sonrakı matəm günlərində metropolitenə təzyiqlər olsa da, fəaliyyətini dayandırmadan xalqın  yanında oldu. O günlərdə Bakıda əhalinin nəqliyyata olan tələbatını ödəyən əsas vasitə metropoliten idi.

1990-cı ilin yanvar qırğını nə qədər faciəli olsa da, Azərbaycan xalqının iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini qıra bilmədi. Həmin müdhiş gecədə həlak olan Vətən oğulları Azərbaycanın tarixinə parlaq səhifə yazdılar, xalqın milli azadlığına, müstəqilliyinə yol açdılar...

O günlərin canlı şahidi, neçə-neçə insan həyatının xilaskarı olmuş Bakı metropoliteni üçün 20 Yanvar tarixi xüsusi əhəmiyyət kəsb edir. O xatirələr hər il canlanır, yada salınır. Hər il xatırlanan bu tarixi bir daha Azərbaycanın azadlığının, müstəqilliyinin əbədi olmasının zərurətini hər kəsə aşılayır. Tək metropolitendə deyil, bütün ölkədə qeyd olunan bu tarix əbədi azadlığımızın rəmzidir.

Metropoliten o gecə işləməsəydi...

20 Yanvar Ümumxalq Hüzn gününə metropoliten hər il xüsusi ovqatla hazırlaşır. Stansiyalara qərənfillər düzülür, gün ərzində matəm  gününün ruhuna uyğun musiqi parçaları səsləndirilir. “20 Yanvar” stansiyasında isə hazırlıq xüsusi tədbirlərlə müşayiət olunur, gül kompozisiyası tərtib olunur. Hər il saat 12:00-da metropoliten stansiyalarında da, ölkə üzrə bütün nəqliyyat vasitələrində olduğu kimi, qatarlardan bir dəqiqəlik fit səsi ucalır. Bunun üçün xətdə olan bütün qatarlar stansiyalara çıxarılır. Metropolitenin rəhbər heyəti, kollektivin nümayəndələri, veteranları, həmin o anı "20 Yanvar" stansiyasının plaftormasında sərnişinlərlə birlikdə qarşılayırlar.

Hər il metropoliten işçilərinin, bir kollektiv kimi, Şəhidlər xiyabanını ziyarət etməsi də ənənəyə çevrilib. Həmin məzarlıqda "Bakı Metropoliteni" QSC-nin iki əməkdaşı da əbədi uyuyur. 29 il əvvəl Bakıya yeridilən cəza dəstələrinə sinə gərib, "Azadlıq" hayqırtısı ilə yumruğunu düşmənə silkələyən istiqlal mücahidləri arasında metropolitençilər də az deyildi. Amma onlardan ikisi üçün yanvarın o gecəsi sonuncu oldu. "Nərimanov" elektrik deposunun çilingəri İlqar Qarayev və metro inşaatçısı Əflatun Kazımovun ailələrində nigaran gözlər yollarda qaldı. Onlar bir gün əvvəl tərk etdikləri evin qapısından bir daha daxil olmadılır.

Metropoliten o gecə işləməsəydi...

Ötən illər ərzində metro istismarçıları və inşaatçılar hər iki şəhidi yaddan çıxarmadılar, azadlıq fədailərinin ailələrinə baş çəkdilər. Şəhid ailələrinin hər bir müşkülü qayğı ilə qarşılandı, onlara lazımi kömək göstərildi. İlqar Qarayevin iş yoldaşları, metropoliten həmkarlar ittifaqı komitəsinin üzvləri şəhid anasının sağlığında onunla əlaqəni kəsmədilər. Gözlərinin yaşı çəkilməyən anaya əllərindən gələn köməyi göstərdilər.

Əflatun Kazımov “Bakıtuneltikintinin 3 saylı Tunel Tikintisi İdarəsində körpülü kran maşinisti idi. “20 Yanvar” günlərinin foto salnaməsində bir şəkil çoxlarının yaddaşına əbədi həkk olub: qərənfil örtüklü tabut qarşısında əlində şəhid atasının şəkilini tutmuş 4-5 yaşlı oğlan uşağı ətrafda nələrin baş verdiyini dərk etmək istəyini ifadə edən baxışlarını naməlum bir nöqtəyə zilləyib... O oğlan indi 2 oğul atasıdır. O uşaq hazırda metropolitençilər cərgəsindədir.

Metropoliten o gecə işləməsəydi...

"Bakı Metropoliteni" QSC-nin rəhbərliyi Vətən uğrunda canını fəda edən metropolitençi şəhidlərin xatirəsini daim əziz tutur, onların ailələlərin qayğıların diqqətdə saxlayır, dəstəyini əsirgəmir. Metropoliten İşçiləri Həmkarlar İttifaqının təşkilatçılığı ilə hər il qanlı 20 Yanvar hadisəsinin şəhidlərinin ailə üzvləri, eləcə də o müdhiş gecədə yaralanaraq əlil olmuş metropolitençi Mansur Qocayevlə görüş keçirir, o günlər anılır.

Əlbəttə, illər ötəcək, nəsillər dəyişəcək, lakin Vətən övladlarının xatirəsi ürəklərdə əbədi yaşayacaq.