İradə Cəlil, Sputnik Azərbaycan
BAKI, 18 yanvar — Sputnik. Əvvəllər xalq arasında deyilirdi ki, "qar yağsaydı, xəstəlikləri öldürərdi". Yanvar ayı olmasına baxmayaraq, ölkənin əksər hissəsində, o cümlədən paytaxta qar yağmayıb. Həmçinin, güclü şaxta belə, müşahidə edilməyib.
Sputnik Azərbaycan havaların anomal keçməsinin insanların sağlamlığına necə təsir etdiyini mütəxəssislərdən soruşub.
Terapevt Mətanət Cəfərovanın sözlərinə görə, qış aylarında havalar anomal keçdiyi zaman, mikrob, bakteriya və viruslar üçün əlverişli şərait yaranır: "Havalar soyuq keçəndə isə mənfi temperatur mikrob, virus və bakteriyalar üçün əlverişsiz şərait yaradır".
"Qış aylarında bədən müqavimətinin düşməsi nəticəsində hava damcı yolu ilə keçən kəskin respiratorlar artır. Xəstəliklərin artması, xüsusilə qapalı məkanlarda, ofislərdə, ictimai nəqliyyatda daha çox baş verir. Qapalı məkanlarda insanlar daha asanlıqla xəstəliyi bir-birinə yoluxdururlar. Hava temperaturu yüksək olduqda xəstəliklərin yayılma sürəti artır" - deyə M.Əzizova bildirib.
Həkim qeyd edib ki, qar yağdığı zaman havanın temperaturu 0 C-dən aşağı düşür, mikrob, bakteriya və virusların yayılmasının qarşısı alınır: "Qarın özü mikroba təsir etmir. Havanın temperaturunun aşağı olması xəstəliktörədici mikrobların qarşısını alır. Və onların inkişafı üçün şərait yaranmır. Qış aylarında bədənin müqavimətini aşağı salan bir çox dəyişiklik xəstəliyə yoluxma riskini artırır".
Pediatr İlhamə Qurbanova isə deyib ki, qışın gəlişi özü ilə 200-dən artıq virus və xəstəlik gətirir: "Elə buna görə də, qışı "xəstəliklər fəsli" adlandırmaq olar. Qış fəslinin ən çox yayılan xəstəliyi soyuqdəymədir. Mikrob bədənə düşdükdən bir neçə gün sonra xəstəliyin əlamətləri başlayır. Soyuqdəymə özünü burun axması, boğaz ağrısı, qoxu və dad bilmə hissinin azalması, hərarətin artması ilə göstərir".
"Xəstəlik tənəffüs yolu ilə yoluxur. Xəstəliyin yayılmasının digər bir yolu isə çirkli əllərdir. Xəstə ağzını və burnunu sildikdən sonra çirkli əllərlə müəyyən əşyalara toxunur və sağlam insanlar həmin yerlərə toxunduğu zaman virus yoluxur. Sağlam insan çirkli əlini ağzına və ya burnuna aparır, nəticədə də xəstələnir" – deyə pediatr qeyd edib.
İlhamə Qurbanova vurğulayıb ki, qış xəstəliklərindən qorunmaq üçün əllərin təmizliyinə diqqət yetirilməli, xəstə şəxslərin olduğu bağlı mühitlərdən, yaxın təmasdan qaçmaq lazımdır: "Həmçinin, soyuğa qarşı tədbirlər görülməlidir. Qış xəstəlikləri zamanı antibiotiklərdən istifadə etmək doğru deyil. Çünki antibiotiklər virusları məhv etmir. Soyuqdəymə zamanı ağrıkəsicilər, vitaminlər, soyuqdəymə əleyhinə olan dərmanlar istifadə edərək bir həftəyə sağalmaq olar".