CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakı-Sumqayıt yolu yenidən və gözlənilmədən təmirə bağlanıb

"Alternativi olmayan yollarda təmir aparan zaman zərurət yoxdursa pik saatlarda işləmək olmaz"
Sputnik

Təranə Xudabaxşiyeva, Sputnik Azərbaycan

BAKI, 17 yanvar — Sputnik. Bakı-Sumqayıt yolu sürücülərin hər zaman narazılıq etdiyi, tıxacların səngimək bilmədiyi bir magistrala çevrilib. Demək olar ki, hər gün müxtəlif səbəblərdən bu yolda güclü tıxac müşahidə olunur.

Turizm cənnətinə aparan yol təmir ediləcəkmi?

Səbəblərdən biri də Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) iki gündən bir Bakı-Sumqayıt yolunda təmir işi aparmasıdır. Üstəlik, təmir işləri günün pik saatlarında həyata keçirilir. Bu da yolda yaranmış tıxacın saatlarla davam etməsinə səbəb olur.

Dünən də axşam saat 17.00-dan sonra, yəni hərəkətin gur vaxtında Bakı-Sumqayıt yolunda sürücülər tıxacda qalıblar. Səbəb isə Bakı-Sumqayıt yolunun Abşeron Gənclər Şəhərciyindən bir neçə yüz metr üzü Bakıya tərəf olan hissəsində yolun təmirə bağlanması olub.

Həmin vaxt tıxacda qalmış sürücülər Sputnik Azərbaycan-a şikayət məktubu göndəriblər. Onlar iddia edirlər ki, yolun təmiri üçün heç bir ciddi zərurət, daha doğrusu, məhz pik saatlarda təcili müdaxiləyə ehtiyac olmadığı halda, xəbərdarlıqsız-filansız yol təmirə bağlanıb. Yəni yolda yamaq işləri görülüb ki, bunu da nədənsə şənbə-bazar günlərinə, yaxud hərəkətin nisbətən az olduğu gündüz saatlarında deyil, məhz pik saatlarda həyata keçirməyə qərar veriblər.

Sputnik Azərbaycan-ın əməkdaşı sürücülərin narazılığına aydınlıq gətirmək üçün Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli ilə əlaqə saxlayıb. Qurumun sözçüsü bildirib ki, AAYDA tərəfindən təmir işləri hava şəraitindən, bayram və həftə sonlarından, eyni zamanda günün pik saatlarından asılı olmayaraq, həyata keçirilir.

"Dünən də pik saatda apardığımız təmir işləri normaldır. Zəruri işlər olanda biz pik saatlarda belə, işləmək məcburiyyətindəyik. Amma çalışırıq zərurət olmadıqda, belə təmirləri bir az gecikdirək. Dünən də təmir zəruri olduğundan təxirə salmaq mümkün deyildi" - deyə Nəcəfli qeyd edib.

Şikayətlə bağlı nəqliyyat məsələləri üzrə ekspert Azər Allahverənovun da fikirlərini öyrəndik. Onun sözlərinə görə, yollarda təmir aparılan zaman bir neçə qurum birlikdə işləməlidir: "Xüsusilə pik saatlarda hansısa bir yerdə təmir işi gedirsə, Dövlət Yol Polisi sürücülərin alternativ yollardan istifadə etməsinə şərait yaratmalıdır. Eyni zamanda, tıxacın yaranmaması üçün nəzarət etməlidir".

"Yolda təmir işlərinin həyata keçirilməsi üçün həm də optimal vaxt seçilməli dir. Hətta çıxılmaz vəziyyət yarandıqda belə, təmir işlərinin yerinə yetirilməsi əlaqələndirilmiş şəkildə icra olunmalıdır. Zərurət yaranmadıqca, alternativi olmayan yollarda günün pik saatlarında təmir işləri aparmaq olmaz" - deyə ekspert əlavə etdi.