BAKI, 16 yanvar — Sputnik. "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyəti (ASCO) Xəzər dənizi akvatoriyasında və Abşeron yarımadasında hava şəraitinin kəskin dəyişəcəyi ilə əlaqədar bir sıra qabaqlayıcı təhlükəsizlik tədbiri həyata keçirib.
"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-dən Sputnik Azərbaycan-a verilən məlumata görə, ASCO-nun tabeliyində olan gəmilərə hava şəraitinin kəskin dəyişəcəyi və görülməli olan tədbirlər barədə yazılı məlumat göndərilib, müvafiq tapşırıqlar verilib.
Bütün bunlarla bərabər, görülən tədbirlərin əlaqələndirilməsi və mərkəzləşdirilmiş nəzarətin gücləndirilməsi təşkil olunub.
Xatırladaq ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata əsasən cari ilin yanvar ayının 16-dan 17-nə keçən gecədən başlayaraq yanvarın 18-i gündüzədək ölkə ərazisində hava şəraiti kəskin dəyişəcək. Belə ki, 17-18-yanvar tarixlərində şimal-qərb küləyinin 20-25 m/s əsəcəyi, arabir 30-35 m/s-dək güclənəcəyi, açıq dənizdə isə arabir 38-40 m/s-dək şiddətlənəcəyi və dalğanın hündürlüyünün 3.0-5.0 metr, sonrakı mərhələdə 6.0-8.0 metr və daha çox olacağı gözlənilir.