Prezident AzTV sədrini işdən azad etdi

Onun yerinə tanınmış jurnalist Rövşən Məmmədov (Raqifoğlu) təyin olunub
Sputnik

BAKI, 15 yanvar - Sputnik. Prezident İlham Əliyev “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) sədri Arif Alışanovu vəzifəsindən azad edib. 

Sputnik Azərbaycan xəbər verir ki, bununla bağlı dövlət başçımız bu gün sərəncam imzalayıb: 

"A.N.Alışanovun “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən azad edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Arif Nizam oğlu Alışanov “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən azad edilsin.

2. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir".

Sputnik Azərbaycan-ın əldə etdiyi məlumata görə, hazırda AzTV sədrinin vəzifələrinin icrası, QSC-nin ictimai-siyasi proqramlar ve xarici xeberlerin monitorinqi studiyasinin bash direktoru, tanınmış telejurnalist Rövşən Məmmədova (Raqifoğlu) həvalə olunub.

Prezident AzTV sədrini işdən azad etdi

Qeyd edək ki, Rövşən Raqif oğlu Məmmədov bundan əvvəl də "Lider" TV-də "İdman və vətənpərvərlik redaksiyası"nın rəhbəri olub.  Azərbaycanda diaspora mətbuatının tədqiqatçılarındandır. 

BDU Jurnalistika fakültəsinin məzunu olan R.Məmmədov müxtəlif universitetlərində jurnalistikaya dair ixtisas fənlərini tədris edib. Azərbaycan Universitetində “Radio və televiziya jurnalistkasının əsasları”, “KİV-də marketinq və reklam”, “Multimedia jurnalistikası” fənlərini tədris edib. 

“Müstəqillik illərində Avropada Azərbaycan diaspor mətbuatı və milli ideologiya məsələləri” adlı elmi işi ilə PhD dərəcəsi alıb. 10-dan çox elmi məqalənin, 3 kitabın (Azərbaycan diasporu və milli mətbuat, Avropada Azərbaycan diaspor mətbuatı, Lider jurnalist) müəllifidir. 

R.Məmmədov 2015-ci ildə Prezident İlham Əliyevin Sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif olunub.