CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Milli park və qoruqlarda monitorinqlərə başlanıb

Götürülmüş materiallar Qida Təhlükəsizliyi İnstitutunun Milli İstinad Laboratoriyasında müayinə olunacaq və nəticələr ictimaiyyətə açıqlanacaq
Sputnik

BAKI, 14 yanvar — Sputnik. "Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti (DBX) "quş qripi" xəstəliyi ilə bağlı keçirilən monitorinqi davam etdirir. Bu barədə Sputnik Azərbaycan-a DBX-dən məlumat verilib.

“Quş qripi” monitorinqinin nəticələri açıqlandı

Məlumata görə, milli qoruq və parklarda, quşçuluq və fərdi təsərrüfatlarda aparılan monitorinqə bu gün başlanılıb. Monitorinq Dövlət Baytarlıq Xidmətinin, Qida Təhlükəsizliyi Agentliyinin, Səhiyyə, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin mütəxəssis və əməkdaşlarının iştirakı ilə keçirilir.

Artıq Dövlət Baytarlıq Xidmətinin əməkdaşları Pirallahı adasındakı Abşeron Milli Parkından 8 baş seçmə üsulla ovlanmış köçəri quşlardan patoloji material, həmçinin Abşeron rayonundakı şəxsi və quşçuluq təsərrüfatlarında saxlanılan 50 baş ev quşundan qan nümunələri götürüblər.

Köçəri quşlar üzrə monitorinq aparılan ərazidə xəstə və xəstəlikdən tələf olan quşlara təsadüf edilməmiş, eləcə də təsərrüfatlarında saxlanılan quşlar arasında hər hansı iti yoluxucu infeksion xəstəliyə rast gəlinməyib.

Götürülmüş materiallar Qida Təhlükəsizliyi İnstitutunun Milli İstinad Laboratoriyasında müayinə olunacaq və nəticələr ictimaiyyətə açıqlanacaq.

Dövlət Baytarlıq Xidməti bildirir ki, hazırda "quş qripi" və digər iti yoluxucu xəstəliklərə görə respublikada epizootik vəziyyət sabitdir. Bu sabitliyi qoruyub saxlamaq üçün Dövlət Baytarlıq Xidməti aidiyyəti qurumlarla birgə lazımi tədbirlər həyata keçirir.