RUSİYA

"Müharibə gedir, amma biz onun iştirakçıları deyilik"

Dmitri Kiselyov: "Biz informasiya müharibəsi aparmırıq, sadəcə dürüst jurnalistika ilə müdafiə olunuruq"
Sputnik

BAKI, 14 yanvar — Sputnik. "İnsanlar, strukturlar, yaxud redaksiyalar bizimlə mübarizə aparmaq istəyirlər, amma biz dürüst jurnalistika ilə müdafiə olunuruq". Sputnik Azərbaycan xəbər verir ki, bu sözləri "Rossiya seqodnya" (Rusiya bu gün) Beynəlxalq İnformasiya Agentliyinin baş direktoru, məşhur telejurnalist Dmitri Kiselyov "Rossiyskaya qazeta"ya verdiyi müsahibədə açıq jurnalistika dövründə hansı xəbərlərə üstünlük verildiyi barədə sualı cavablandırarkən deyib.

Kiselyov İlham Əliyev haqda: "Azərbaycanlılar çox şanslıdırlar"

"İstənilən halda, möhkəm bir həqiqətə əsaslanmalıdır. Biz faktlara hörmət edirik, onlara inanırıq və jurnalistika faktsız ola bilməz. Hətta şeir belə, faktsız olmamalıdır. İstənilən abstrakt da faktsız ola bilməz. Ona görə də biz başa düşürük ki, fakta əsaslanmayan istənilən şərh də adamı özündən itələyir. Ona görə də xəbər jurnalistikası faktın kultudur" - deyə Kiselyov bildirib.

"Hərdən biz də digər istənilən xəbər redaksiyaları kimi səhv edirik. Amma biz səhvimizi mütləq düzəldirik və bu, bizim prinsipimizdir" - telejurnalist əlavə edib.

Baş direktor özündən fakt uyduraraq mükafat alan "Şpigel"in əməkdaşı Klaas Relotiusla bağlı bu yaxınlarda baş verən məsələni misal çəkib: "Relotius Qərb jurnalistikasında etalon olan jurnalist nümunəsidir. Baxmayaraq ki, indi "Şpigel" jurnalının redaksiyası dəyən zərəri minimuma endirmək üçün onu şəxsən söyür, lakin Relotius, məhz o sistemin məhsuludur".

"Feyk xəbərlər"in ortaya çıxmasının təbiətini və cəmiyyətdə belə saxta məzmunlu xəbərlərə tələbin meydana gəlməsini şərh edən Kiselyov bildirib ki, bu, çirkabla bağlı məsələdir və hər zaman da olacaq. Onun fikrincə, əvvəllər çirkab fiziki məfhum idi, sonra insanlar öz ətraflarında təmiz mühit yaratmaq üçün yuyunmağı, təmizləməyi öyrəndilər.

"Lakin bu, bəzən kiminsə xoşuna gəlmir, başqa şərtlər altında yaşayır, öz evində belə, yuyunmur. İnformasiyalarla bağlı məsələ də eynilə belədir. Bu, artıq informasiya sanitariyası ilə, sizin hansı sanitar şərtlər altında yaşamaq istədiyinizlə bağlı məsələdir. Bu, həmişə olacaq. Bizim bunu aradan qaldırmaq imkanımız yoxdur" - vurğulayıb.

Agentlik rəhbərinin fikrincə, yəqin ki, həmişə çirkabla qidalanan insan təbəqəsi olacaq: "Biz isə, özümüz üçün məkan yaratmaq - ailə qurmaq, uşaq tərbiyə etmək, qonşulara dəstək vermək, dosta kömək etmək - qabiliyyəti olan insanlar, buna qarşı dayanacağıq. Bax, məhz bu insanlar cəmiyyətin sütunlarını qururlar. Biz onlara seçim imkanı verməliyik. Onlara onları həyatda dəstəkləyəcək keyfiyyətli jurnalistikanı verməyi bacarmalıyıq. Haradasa ucqarlarda çirkaba bulaşmış informasiyalar yenə də olacaq. Onlar həmişə olacaq".

Kiselyov Qarabağ münaqişəsi haqda: "Bu, çətin çağırışdır"

"Elə vaxt gələcəkmi ki, klassik jurnalistika heç kəsə lazım olmayacaq. Çünki feyk xəbərlər populyarlıq baxımından auditoriyada və auditoriyanın emosiyaları ilə manipulyasiya etməkdə daha çox effektivdir" sualına cavabında isə "Russiya seqodnya"-nın baş direktoru deyib ki, belə təhlükə var və o, bunun fərqindədir: "Biz bəzi açıq və ciddi feykləri açıb ortaya qoyuruq, düşmən əməliyyatları da ifşa edirik. Ona görə də, feyklər birgünlük xəbərlərdir".

"Amma uzunmüddətli informasiya-siyasi əməliyyatlar da var. Lakin bütün hallarda insanların seçim imkanı var - ya bizi oxuyacaqlar, ya da başqalarını. Burada yəqin ki, bizim də öz missiyamız var: istifadəçilərə, oxuculara, dinləyicilərə informasiya seçimi üçün imkan yaratmaq" - Kiselyov əlavə edib.

Telejurnalist qeyd edib ki, nüvə balansına ehtiyac olduğu kimi, informasiya məsələsində də balans olmalıdır: "Bizim strategiyamız Rusiyanı informasiya müharibəsini uduzmadan qabağa aparmağa imkan verir. İnformasiya müharibəsində uduzmaq depressiya, alçalma və pravoslavlıqda günahdır. Bu, cəmiyyətin iradəsinin iflic olması, deqradasiyası, dağıdılması, çökməsidir."

"Kiselyov özü və redaksiyası informasiya müharibəsinin iştirakçılarıdırmı" sualına cavabında o, "mən sadəcə etiraf edirəm ki, bu müharibə gedir" deyib: "Amma mən informasiya müharibəsinin iştirakçıları olduğumuzu etiraf etmirəm. Biz döyüşçü deyilik, peşəkar fəaliyyətlə məşğul oluruq".

"Biz jurnalistik. Biz öz peşəmizə, ixtisasımıza dəyər veririk. Biz ona hörmət edirik. Biz heç kəslə döyüşə hazırlaşmırıq. Amma insanlar, strukturlar, redaksiyalar bizimlə mübarizə aparmaq istəyirlər, biz isə dürüst jurnalistika ilə müdafiə olunuruq" - o vurğulayıb.