BAKI, 12 yanvar — Sputnik. "Wall Street Journale" qəzetinə açıqlama verən ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) rəsmiləri konkret bir proqram olmasa da Suriyadan geri çəkilmənin davam etdiyini deyiblər.
Sputnik Azərbaycan "Haber7"ə istinadla xəbər verir ki, qəzetə açıqlama verən səlahiyyətli ABŞ prezidentinin mili təhlükəsizlik üzrə müşaviri Con Boltonu hədəf alıb: "Heç bir şey dəyişməyib. Biz əmrləri Boltondan almırıq".
Qeyd edək ki, Con Bolton Türkiyəyə səfərdən əvvəl İsraildə olub və bildirib ki, Suriyanın şimalında kürdlərin qorunması ilə bağlı anlaşma olmadan ABŞ hərbçiləri həmin bölgədən çıxmayacaq.
Bu proseslərin ardından Pentaqon səlahiyyətliləri Suriyadan çıxma məsələsində geri addım atıldığına dair yeni bir göstəriş almadıqlarını söyləyiblər: "Biz bu istiqamətdə bir əmr almamışıq, geri çəkilmə üçün hazırlıqlar davam edir".
Qeyd edək ki, 2018-ci il dekabrın 24-də ABŞ prezidenti qoşunların Suriyadan çıxarılması haqqında sərəncam imzalayıb. Ağ Ev tərəfindən qoşunların çıxarılması barədə bəyanat verildikdən sonra ABŞ müdafiə naziri Ceyms Mettis və ABŞ-ın İŞİD-lə mübarizə üzrə xüsusi nümayəndəsi Brett Makqerq istefaya gedib.
Bu arada mətbuatda gedən məlumatlara görə, ABŞ-ın başçılıq etdiyi koalisiya Suriyadan qüvvələri çıxarmağa başladığını elan edib. "CNN" telekanalı da Vaşinqtonun Suriyadan hərbi texnikanı çıxarmağa başladığı barədə məlumat yayıb.