İki rayonu birləşdirən yol genişləndirilir

Yolun eni, ümumilikdə, 10 metr nəzərdə tutulub ki, bunun da 7 metr hissəsini asfalt-beton örtüyü təşkil edəcək
Sputnik

Rahim Zakiroğlu, Sputnik Azərbaycan

BAKI, 12 yanvar – Sputnik. Lənkəran-Lerik yolunun sürüşmə aktiv olan hissələrində sürüşmənin qarşısının alınması məqsədilə istinad divarları tikilərək bərkitmə işləri görülür. Bundan əlavə, sözügedən yolda genişləndirmə və təmir-tikinti işləri aparılır.

İki rayonu birləşdirən yol genişləndirilir

Sputnik Azərbaycan-ın bölgə müxbirinin yol tikinti sahəsinin rəisi Raqib Mirzəyevdən əldə etdiyi məlumata görə, yolun torpaq sürüşməsinin aktiv olan hissələrində uzunluğu 100-150 metr, hündürlüyü isə 4-5 metrə çatan beton istinad divarları inşa edilir.

“Lənkəran-Lerik avtomobil yolunun təmir-tikinti işlərinə 2018-ci ilin dekabr ayında başlanılıb. Yolun eni 10 metr, asfalt-beton yolun eni isə 7 metr nəzərdə tutulub. Yolda ötürücü qurğuların tikintisi həyata keçirilir. Yolun hərəkət hissəsində isə avtomobillərin təhlükəsiz hərəkət etməsi üçün genişləndirmə işləri aparılır. Bununla bərabər, Lənkəran-Lerik avtomobil yolunda işıq dirəklərinin, rabitə xətlərinin və qaz borularının dəyişdirilməsi işləri də görülür” - deyə R.Mirzəyev məlumat verib.

İki rayonu birləşdirən yol genişləndirilir

O bildirib ki, ərazidə 70-ə yaxın canlı işçi qüvvəsi və 60-a yaxın ağır texnika çalışır. Ərazidə icra olunan betonbərkitmə və 55 km-lik Lənkəran-Lerik avtomobil yolunun asfaltlanması işlərinin yay aylarında başa çatdırılması nəzərdə tutulur.

Qeyd edək ki, Lerik rayonu cənub bölgəsinin əsas turizm əhəmiyyətli rayonlarından biri olduğu üçün yol infrastrukturunun müasir standartlar səviyyəsində qurulması yerli sakinlərlə yanaşı, rayona gələn turistlərin də rahatlığına xidmət edəcək.