Nazir: "Bundan sonra da Kerç boğazından keçəcəyik"

"20-ci, 100-cü keçid olacaq...",
Sputnik

BAKI, 11 yanvar — Sputnik. Rəsmi Kiyev Kerç boğazından gəmilərin keçməsi prosesini davam etdirəcək. Sputnik Azərbaycan xəbər verir ki, bunu Ukraynanın müdafiə naziri Stepan Poltorak "Uryadavoy kuryer" nəşrinə müsahibəsində bildirib.

Onun sözlərinə görə, Ukrayna Kerç boğazından keçmə hüququndan imtina etməyəcək: "Sizi əmin edirəm, biz bundan sonra da bu keçidləri davam etdirəcəyik. 20-ci, 100-cü keçid olacaq...", - deyə Ukrayanın müdafiə naziri qeyd edib.

Ukrayna ilə Rusiya arasında daha bir "körpü" yandırıldı - Poroşenkodan radikal qərar

Xatırladaq ki, noyabrın 25-də Kerç boğazı yaxınlığında Ukrayna və Rusiya gəmilərinin iştirakı ilə insident yaşanıb. Belə ki, boğazı keçməyə cəhd edən Ukrayna gəmiləri Rusiya dənizçilərinin dayanma tələbinə məhəl qoymayıblar. Bu zaman gəmilərdən biri taran edilib, onların saxlanılması üçün silahdan istifadə olunub. İnsident nəticəsində "Berdyansk", "Nikopol" və "Yanı Kapu" gəmiləri Krımda saxlanılıb.

Hadisə zamanı 3 ukraynalı hərbçi yaralanıb. Onlara tibbi yardım göstərilib. Qeyd edilir ki, yaralıların həyatı üçün təhlükə yoxdur.

Tərəflər baş verən hadisədə bir-birini ittiham edir. Ukrayna tərəfi gəmilərin keçidi barədə Rusiyaya öncədən xəbərdarlıq edildiyini və dəniz gəmiçiliyi barədə bütün beynəlxalq normalara uyğun addımlar atıldığını iddia edir. Öz növbəsində Rusiya tərəfi Ukraynanı bilərəkdən provokasiya yaratmaqda, beynəlxalq qanunları pozmaqda və Rusiyanın ərazi sularına icazəsiz daxil olmaqda ittiham edir.