Zarina Orucəliyeva, Sputnik Azərbaycan
BAKI, 10 yanvar — Sputnik. Bakıya "donuz qripi"nə (H1N1 virusu) qarşı peyvənd gətirilib. Bu barədə Sputnik Azərbaycan-a həkim-terapevt, hepatoloq Zaur Oruc məlumat verib.
Həkimin sözlərinə görə, yanvarın 9-da dərman deposundan klinikaya zəng edərək bildiriblər ki, Azərbaycana qripin bir neçə növünə, eləcə də H1N1 virusuna qarşı yeni preparat gətiriblər: "Bütün dünyada peyvəndləmə prosesi oktyabr-noyabr aylarında başa çatıb. Sözügedən peyvənd Fransada Paster Kommersiya Cəmiyyətində istehsal olunub. Onun 6 aylıqdan 5 yaşadək olan uşaqlara vurulması tövsiyə edilir".
"Eyni zamanda, bu peyvəndi böyüklərə, eləcə də 65 yaşdan yuxarı insanlara da vurmaq olar. Ölkəmizdə peyvənd olunmağa böyük maraq müşahidə edilsə də, müraciət edənlərin sayı azdır. Bəziləri isə Gürcüstana getdikləri üçün peyvənd etdirmək istədiklərini bildirirlər" - deyə Oruc qeyd edib.
Z.Oruc diqqətə çatdırıb ki, peyvəndin qiyməti 38 manatdır.
Qeyd edək ki, hazırda Gürcüstanda "donuz qripi"nin yayılıb. Bu günə qədər orada qripdən 14 nəfər dünyasını dəyişib. Son məlumatlara görə, laborator müayinələr nəticəsində Gürcüstanda xeyli sayda insanın "donuz qripi"nə yoluxduğu aşkarlanıb.
"Donuz qripi" - H1N1 qrip virusunun xüsusi növü olan kəskin yoluxucu xəstəlikdir. Bu qrip epidemiyanın pandemiyaya sürətlə keçməsi ilə xarakterizə olunur.
Bu virusa həm donuzların, həm quşların, həm də insanların yoluxması mümkündür. Adi öskürək, asqırıqla ətrafa yayılan damcılar və xəstə insanla yaxın kontakt vasitəsilə xəstəlik asanlıqla yayıla bilir.
"Donuz qripi"nə ilk dəfə 2008-ci ilin aprelində Meksikanın La-Qloriya kəndində yaşayan beş yaşlı oğlan - Edqar Ernandes donuz ferması yaxınlığında yoluxub.
Xəstəlik dərhal meydana çıxmır. Donuz qripinin inkubasiya dövrü daşıyıcıdan asılı olaraq ilkin simptomların meydana çıxmasından sonrakı 24-48 saatdır. Bu dövrdə virus fəal surətdə çoxalmağa və ətraf mühitə yayılmağa başlayır. O, asanlıqla insanlara və heyvanlara keçə bilir.
Bu virusa yoluxmuş şəxslər, əsasən xəstəliyinin başlandığı ilk 7 gün ərzində potensial yoluxdurucu hesab edilməlidir.
Uşaqlar, xüsusən də azyaşlılar daha uzun müddət ərzində potensial yoluxdurucu ola bilərlər. Təxminən, hər altıncı insan simptomlar bəlli olduqdan sonrakı 14 gün ərzində terapiyaya baxmayaraq ətrafdakıları yoluxdura bilər.