QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Dilqəm Əsgərovun oğlu: "Atamı bizdən gizlədirlər"

Kürdoğlu Əsgərov: "Görünür, atamın vəziyyəti o qədər pisdir ki, məktub da yaza bilmir"
Sputnik

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 10 yanvar —Sputnik. Erməni girovluğunda olan Dilqəm Əsgərovun oğlu Kürdoğlu Əsgərov bir ildən də çoxdur ki, atasından heç bir xəbər, məktub almadığını deyir. O, Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, Beynəlxalq Qırmızı Xaç Komitəsinin əməkdaşları onun müraciətlərinə hər dəfə eyni cavabı verir. 

Moskva azərbaycanlı və erməni girovların dəyişdirilməsini rəsmən dəstəklədi

"2017-ci ilin noyabrın 1-də yazılan sonuncu məktubu Beynəlxalq Qırmızı Xaç Komitəsinin əməkdaşları bizə təqdim ediblər. Əfsuslar olsun ki, həmin tarixdən etibarən atamdan heç bir məktub almamışıq. Bizim onunla canlı video-bağlantı etmək istəyimiz də müsbət cavablandırılmır. Mütəmadi olaraq məsələ ilə bağlı Beynəlxalq Qırmızı Xaç Komitəsinin əməkdaşlarına müraciət edirəm. Müraciətlərimə cavab olaraq bildirirlər ki, "sənin atan özü məktub yazmaq, video göndərmək istəmir" - K.Əsgərob bildirib.

"Mən buna inanmıram. Düşünürəm ki, bu, cəfəngiyyatdır. Atam yaşlı və xəstə adamdır. Yəqin, atamın səhhətində problemlər var ki, Beynəlxalq Qırmızı Xaç Komitəsinin əməkdaşları ondan video gətirməyiblər. Görünür, atamın vəziyyəti o qədər pisdir ki, o, məktub belə, yaza bilmir. Ona görə də ondan məktub yoxdur" – deyə, o əlavə edib.

Dilqəm Əsgərovun oğlu: "Atamı bizdən gizlədirlər"

Dilqəm Əsgərovun oğlu, həmçinin beynəlxalq təşkilatların bu məsələyə diqqətsizliyindən də gileylənib: "Mən hər dəqiqə, hər gün mətbuatı izləyirəm. Adi bir blogerə görə insanları ayağa qaldırırlar, "Washington Post" nəşri məqalə dərc edir, AŞPA və digər nüfuzlu qurumlar çağırışlar edir, amma, çox təəssüflər olsun ki, öz doğma torpaqlarını ziyarət edən zaman girov düşən və işgəncələrə məruz qalan Dilqəmlə Şahbaz barədə bir nəfər olsun belə, bir kəlmə də demir".

K.Əsgərov atasının məktub yazmamasına inanmadığını israrla vurğulayıb: "Atam girov düşdükdən sonra həmişə bizə məktub yazıb. Hazırda Azərbaycanda saxlanılan erməni diversant Arsen Baqdasaryan ailəsi ilə "Skype" vasitəsilə danışmaq imkanına malikdir və o, bundan mütəmadi olaraq istifadə edə bilir. Onun saxlanılma şəraiti yaxşıdır, səhhətində heç bir problem yoxdur, ailələri ona ərzaq, paltar göndərə bilir. Lakin bizə həmin şərait yaradılmır. Mən atamın öz dilindən eşitmək istəyirəm ki, o, yaxşıdır, durur, hərəkət edir. Nəyə görə Beynəlxalq Qırımızı Xaç Komitəsinin əməkdaşları bunu yerinə yetirmir?".

O, atasından aldıqları sonuncu məktub barədə də məlumat verib: "Atam sonuncu məktubunda ona, icazə olacağı təqdirdə, bəzi ərzaqların göndərilməsini istəmişdi".

Həmsöhbətimiz daha sonra vurğulayıb ki, onun 2018-ci ildə atasının girovluqdan azad ediləcəyi ilə bağlı çox böyük ümidləri var idi: "Mən inanırdım ki, atamgil girovluqdan azad oluna bilər. Əfsuslar olsun ki, Paşinyan hökuməti Azərbaycan Respublikasının təklif etdiyi "hamının-hamıya" dəyişdirilməsi təklifindən imtina etdi. Bu məsələ hazırda Prezident İlham Əliyevin nəzarətindədir. Xarici İşlər Nazirliyi və Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komitəsi bu istiqamətdə iş aparır. Lakin çox təəssüflər olsun ki, beynəlxalq qurumlar, təşkilatlar bu işlə bağlı Ermənistan tərəfinə təzyiqlər göstərmir. Ümid edirəm ki, bu məsələ 2019-cu ildə öz həllini tapacaq".

İlham Əliyevlə Nikol Paşinyan arasında mühüm müzakirə: Girovlar vətənə qaytarılmalıdır

K.Əsgərov, həmçinin Dilqəm Əsgərovla eyni vaxtda girov götürülən Şahbaz Quliyevin ailəsi barədə sualımıza da aydınlıq gətirib: "Şahbaz Quliyevin ailəsi ilə bir əlaqəm yoxdur. Lakin bildiyim qədərilə onlar da sonuncu dəfə 2018-ci ilin iyununda Şahbaz Quliyevdən məktub alıblar və bundan sonra ondan da məktub gəlmir. Düşünürəm ki, onlar da girovluqda olan Şahbaz Quliyevlə video-görüntü vasitəsilə danışmaq istəyərlər".

Xatırladaq ki, 2014-cü il iyulun 11-də Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşları Şahbaz Quliyevlə Həsən Həsənov yaxınlarının məzarlarını ziyarət etmək üçün Azərbaycanın işğal altında olan Kəlbəcər rayonuna gediblər. Həmin gün Şaplar kəndində Ermənistan Silahlı Qüvvələri tərəfindən keçirilən əməliyyat zamanı Dilqəm Əsgərov və Şahbaz Quliyevi Kəlbəcərdə girov götürüblər. Həsən Həsənov isə güllələnərək öldürülüb.