HADİSƏ

Tanınmış aparıcının evi qarət olunub

Oğrular evdəki qızıl-zinət əşyalarını və nağd pul vəsaitini aparıblar
Sputnik

BAKI, 9 yanvar — Sputnik. Dünən axşam saatlarında Abşeron rayonu Saray qəsəbəsində oğurluq hadisəsi baş verib. Ev sahibi Bahar Kərimova axşam saat 21.00 radələrində evə gələn zaman qarşılaşdığı mənzərədən dəhşətə gəlib. O, qapını açan zaman evinin qarət olunduğunu görüb.

Bu barədə Sputnik Azərbaycan-a B.Kərimovanın qızı, tanınmış radio-aparıcı Aygün Akif məlumat verib. Bildirib ki, oğrular bir neçə müddət onların evini izləyiblərmiş.

"Oğrular mənim yataq otağımın pəncərəsindən içəri giriblər. Evi dağıdıblar. Evimizdə olan qızıl-zinət əşyalarını və nağd pul vəsaitini aparıblar. Ümumilikdə bizə 30 min manatdan çox ziyan dəyib" - deyə A.Akif vurğulayıb.