CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Şəhərin mərkəzdə parklanma xaosu artacaq - Xəbərdarlıq

"Nəticədə yeraltı parklanma yerləri yarıboş qalacaq və təbii ki, daxilolmalar azalacaq"
Sputnik

BAKI, 9 yanvar — Sputnik. "Dövlətə məxsus yeraltı parklanma yerlərində qiymətlərlə bağlı dolaşıq məlumatlar gəlir. Düşünürəm ki, indiki vaxtda həmin qiymətləri artırmaq və ya müxtəlif güzəştli xidmət zərflərini ləğv etmək çox ciddi səhv olar. Əsasən bu iki məqama diqqət edilməlidir".

Yanğın parklanma yerinə on milyonlarla dollar ziyan vurub

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə hüquqşünas Ərşad Hüseynov öz "Facebook" səhifəsində yazıb. Onun sözlərinə görə, Bakının küçə və prospektlərində parklanmalarla, o cümlədən qanunsuz parklanmalarla bağlı ciddi problem var.

"Bəzi yerlərdə bu səbəbdən hərəkət iflic olur, xaos və tıxac yaranır. Belə şəraitdə şəhərin mərkəzində parklanma yeri axtaran sürücləri yeraltı parklanmalardan istifadəyə sövq etmək lazımdır. Elə güzəştli qiymətlər və həvəsləndirici şərtlər tətbiq etmək lazımdır ki, heç kəs həmin parklanmalardan istifadədə tərəddüd etməsin" - ekspert bildirib.

"Amma qiymətin qaldırılması və güzəşt zərflərinin ləğvi və ya ağırlaşdırılması bunun əksini edəcək: belə olsa, indi oradan istifadə edənlərin xeylisi yuxarıda - mərkəzdəki küçə və prospektlərdə parklanma yeri axtaracaq. Belə yer isə yoxdur. Deməli, ikinci cərgədə və qadağan olunan yerlərdə parklananların sayı artacaq. Nə qədər sərt mübarizə aparılsa da, bu, qaçılmaz olacaq. Başqa sözlə, mərkəzdə parklanma xaosu bir az da artacaq" - o, əlavə edib.

Ə.Hüseynov qiymətlərin qaldırılması və ya güzəştli istifadənin ləğvini iqtisadi baxımdan da yanlış hesab edir: "Qeyd etdiyim kimi, bəzi adamlar həmin yerlərdən istifadə etməkdən imtina edəcəklər. Nəticədə yeraltı parklanma yerləri yarıboş qalacaq və təbii ki, daxilolmalar azalacaq".

"Başqa əsaslar da gətirmək olar. Amma məncə, bu iki əsas kifayətdir ki, qiymətlərin nəinki qaldırılmasının, hətta azaldılmasının və güzəştlərin genişləndirilməsinin zəruriliyi aydın olsun. Məsələn, düşünürəm ki, oralardan mütəmadi istifadə edənlərə təkcə bir aylıq yox, hətta bir illik zərf təklif etmək lazımdır, özü də elə qiymətə ki, onu 12 aya böləndə hər ayın haqqı indiki aylığın yarısı və ya üçdə biri qədər olsun. Həmin parklanma yerlərindən epizodik istifadə edənlər üçün da maraqlı, həvəsləndirici ideyalar düşünmək lazımdır"- deyə ekspert qeyd edib.