BAKI, 9 yanvar — Sputnik. Bəzi KİV-də və sosial şəbəkələrdə Bakı Beynəlxalq Avtovağzalını su basması barədə xəbərlər yer alıb.
Bakı Beynəlxalq Avtovağzalının mətbuat xidmətinin rəhbəri Pərvin Məmmədova məsələ ilə bağlı Sputnik Azərbaycan-a məlumat verib.
O, yayılan xəbəri təkzib edərək bildirib ki, avtovağzalı su basmayıb: "Binəqədi rayonu ərazisində, "Motodrom" yaşayış massivi adlanan ərazidə su xətti partlayıb. Yəni məsələnin avtovağzala aidiyyəti yoxdur, qeyd etdiyim ərazidə su xəttinin partlaması nəticəsində bəzi yollarda problem yaranıb, problem də aidiyyəti qurum tərəfindən həllini tapıb. Bakı Beynəlxalq Avtovağzalında hər şey qaydasındadır".
Xatırladaq ki, bu gün səhər saatlarında Bakının Binəqədi rayonu, "Motodrom" yaşayış massivində magistral su kəmərində baş vermiş qəza nəticəsində Bakı Beynəlxalq Avtovağzal Kompleksindən Biləcəri qəsəbəsinə gedən avtomobil yolunu su basmışdı. Həmin yolda avtomobillərin hərəkətində çətinlik yaranmışdı.
“Azərsu" Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı da açıqlamasında bildirib ki, magistral kəmərin qəza baş verən hissəsində bərpa işləri tam başa çatıb: "Saat 13:30 radələrində kəmərdəki problem aradan qaldırılıb. Artıq xəttə su vurulub. Hazırda magistral su kəməri fəaliyyətini tam bərpa edib".