MƏDƏNİYYƏT

Ayağının bir hissəsi amputasiya olunmuş Xalq artistindən məyusedici xəbər

"Həkimlər ümid verirlər ki, ortopedik ayaqqabı ilə yenidən gəzə bilər"
Sputnik

Nigar Məhərrəm, Sputnik Azərbaycan

BAKI, 8 yanvar — Sputnik. "Hazırda özünü yaxşı hiss edir. Mütəmadi olaraq həkim və tibb bacısı evə gələrək son durumu ilə maraqlanır, sarğısını dəyişirlər. Hazırda yaranın sağalma prosesi gedir".

Xalq artisti Ramiz Əzizbəyli: "Qırx adda xəstəliyim var"

Bunu ötən ay ayağında yaranan qanqrenə görə əməliyyat olunan Xalq artisti Ramiz Əzizbəylinin qızı Xədicə Əzizbəyli Sputnik Azərbaycan-a açıqlamasında  deyib. 

X.Əzizbəyli onu da bildirib ki, Xalq artistinin ikinci ayağına da stend qoyulacaq: "Hər iki ayaqda damar tıxanıqlığı vardı. Lakin bir ayaqda artıq qanqren yarandığı üçün onun üzərinə daha tez düşdük. Artıq atamın sol ayağına da stend qoyulub. O biri ayağında da vəziyyət gərginləşməsin deyə, vaxtından qabaq stend qoyulmalıdır".

"Lakin stend bu tezliklə, yoxsa bir neçə ay sonra qoyulacaq, bunu hələ ki, bilmirik. Həkim baxdıqdan sonra son qərarını verəcək" – deyə R.Əzizbəylini qızı əlavə edib.

O, atasının digər xəstəlikləri - şəkər və təzyiqi ilə bağlı da danışıb: "Ayağının müalicəsi ilə bağlı olaraq paralel müalicələr qəbul edir. Bu səbəbdən hazırda şəkər və təzyiqi normaya düşüb".

Aktyorun qızı atasının sağalandan sonra gəzə biləcəyinə ümid edir: "Hələ ki yataqdadır, gəzə bilmir. Düşünürük ki, sağaldıqdan sonra gəzə bilər. Həkimlər ümid verirlər ki, ortopedik ayaqqabı ilə yenidən gəzə bilər. Ən azı addım-addım gəzə biləcəyi ilə bağlı ümidimiz var".

"Sağaldıqdan sonra öz fəaliyyətinə başlayacaq" – deyə Xədicə Əzizbəyli əlavə edib.

Qeyd edək ki, dekabrın sonunda Ramiz Əzizbəylinin sağ ayağı barmaq hissədən amputasiya olunub.