Ramella İbrahimxəlilova, Sputnik Azərbaycan
BAKI, 8 yanvar — Sputnik. Bakıda kişi tapançadan açdığı atəşlə özünü öldürüb. Bu barədə Sputnik Azərbaycan-a Nərimanov rayon Polis İdarəsindən məlumat verilib.
Yanvarın 7-də saat 19:30-da Ağa Nemətulla küçəsindəki evlərin birində yaşayan 60 yaşlı Urufzadə Rasim Qulam oğlu özünə qəsd edib. Kişi Türkiyə istehsalı olan pnevmatik silahdan öz sinəsinə atəş açıb. Kişi hadisə yerində ölüb.
Təhqiqat zamanı məlum olub ki, Urufzadə əvvəllər də dəfələrlə intihara cəhd edib. Bundan bir neçə gün əvvəl o, öz venalarını kəsməyə çalışıb. Daha əvvəl isə "Koroğlu" metrostansiyası yaxınlığındakı el arasında "ölüm körpüsü" adı ilə məşhur olan körpüdən özünü atmağa cəhd göstərib. Bundan əlavə, Urufzadə bir dəfə də beşmərtəbəli evin damından tullanmağa cəhd edib.
Araşdırma zamanı məlum olub ki, kişi onkoloji xəstəlikdən əziyyət çəkirmiş və bu, onun həyatdan köçmək istəməsinin əsas səbəbi olub.