MƏDƏNİYYƏT

Məbədlər diyarında həyəcan siqnalı: Milli "pasportumuzu" itiririk

Əhali arasında bu barədə bilgi olmadığına görə, insanlar abidələrə laqeyd qalırlar
Sputnik

Şahpəri Abbasova – Sputnik Azərbaycan

BAKI, 8 yanvar — Sputnik. Azərbaycanın şimal-qərb bölgəsini, tam mübağiləsiz, məbədlər diyarı adlandıra bilərik. Qədim yunan tarixçisi və coğrafiyaçısı Strabon da, məhz bu fikirdə idi. O, Albaniyanın şimal-qərbini dünyada ən çox məbədi olan yer, başqa sözlə desək, məbədlər diyarı adlandırıb.

Bu dəfə haqqında söhbət açacağımız tarixi məbəd - Dəvəboynu məbədi Balakənin Qazbinə kəndində, kiçik bir dağın üstündə yerləşir. Tarix üzrə fəlsəfə doktoru Akif Məmmədli abidənin tarixi və etimalogiyası haqqında Sputnik Azərbaycan-a danışıb.

Məbədlər diyarında həyəcan siqnalı: Milli "pasportumuzu" itiririk

O bildirib ki, uzaqdan baxdıqda abidənin yerləşdiyi dağ, sanki karvanda gedən bir dəvəni xatırladır: "Onun son qurtaracaq nöqtəsində isə bu məbəd yerləşir. Bu, erkən xristian abidəsi hesab olunur. Mərhum akademik Ziya Bünyadov tədqiqatlarının birində göstərirdi ki, biz albanlar Cənubi Qafqazda ermənilərdən və gürcülərdən 270 il öncə, yəni Həvarilər dövründə - İsa peyğəmbərin şagirdləri dövründə xristianlığı qəbul edən xalqıq. Biz dünyaya ilk mədəniyyət yayan, ilk təkallahlığı yayan xalqıq. Dəvəboynu məbədi də buna bariz nümunələrdəndir".

Tarixçinin fikrincə, abidə xristianlığın ilkin dövrünə aiddir. O, bunu belə izah edib: "İlk dövrün məbədləri adətən bir nefli olur. Onun mehrab hissəsi şərqə tərəf olurdu. Tək pəncərədən içəri işıqlanırdı. IX əsrə qədər alban məbədlərinin önündə zəng qüllələri olmayıb. Zəng qüllələri sonrakı dövrdə əlavə olundu. IV-V əsrlərdə, ən geci VII əsrə qədər olan məbədlər, təxminən, bu quruluşdadır".

A.Məmmədlinin sözlərinə görə, Qazbinə kəndində buna bənzər başqa bir abidə də mövcuddur: "Təxminən, bir neçə ay öncə Balakən rayonunun Qazbinə kəndi ərazisində, "Laçın qaya" adlanan yerdə son dərəcə maraqlı, fərqli xüsusiyyətlərə malik başqa məbədə də rast gəldik. Erkən orta əsrlərdə, Sasanilərdən sonrakı dövrlərdə məbədlərə gedən yolların üzərində nişan daşları qoyulub. Mən də bir tədqiqatçı olaraq, bu Dəvəboynu məbədinə gedərkən, Balakən rayonunda böyük Qafqaz dağlarının cənub ətəyindəki nişan daşından bu yerin işarəsini aldım".

Məbədlər diyarında həyəcan siqnalı: Milli "pasportumuzu" itiririk

"Üç yerin nişanı var idi, çox təəssüf ki, əhali arasında bu barədə bilgi olmadığına görə, insanlar abidələrə laqeyd qalırlar. Bunlar bizim dünənimizdir, vaz keçilməz tariximizdir, diqqətli olmaq lazımdır. Barəsində danışdığımız abidə bölgədə ən qədimdən məskunlaşdığımızı təsdiq edən sübutlardan biridir. Milli kimliyimiz, milli pasportumuzdur. Nəzərə alaq ki, bir tərəfdən Dağıstan, digər tərəfdən Gürcüstan bu bölgələrdəki məhz xristian dövrünün tarixi abidələrinə istinad edərək, bölgəyə qarşı ərazi iddia edirlər. Ona görə də bu tarixi daha yaxşı öyrənməliyik" - müsahibimiz bildirib.

"Tarixin daha acı təcrübələri var. Qərbi Azərbaycanda - Göyçədə, Zəngəzurda və Qarabağda insanlara, qədim yerli türk sakinlərinə öz tarixlərini öyrənməyə imkan vermədilər. Nəticədə o yerlərdəki əhali deportasiya edildi. Bölgədəki insanları maarifləndirsək, onlar yaşadıqları yerin tarixləri ilə, o bilgilərlə silahlanarsa, bu yanlış addımı atmazlar. Dini kitabımızda da buyurulur ki, səmavi kitabı olan xalqlar mömindirlər. Yəni, xristian xalqları da mömin idilər. Nəzərə alsaq ki, İslama qədər ən üstün din xristianlıq idi və albanlar bu dini qəbul etmişdilər. Bu mənada, bu, çox qiymətli, zəngin sərvətdir" - deyə tarixçi vurğulayıb.

Sevindirici haldır ki, son dövrlərdə bütün dünyanın, xüsusilə Qərbin diqqəti Azərbaycanın Şimal-Qərb bölgəsindəki xristian dövrünə aid abidələrə yönəlib. A.Məmmədli diqqətə çatdırıb ki, Dövlət Turizm Agentliyinin ekspertləri ilə birlikdə Azərbaycanın Şimal-Qərb bölgəsində ilk xristian dövrünə aid abidələr üzrə turist marşrutu müəyyənləşib: "Bu abidə gələcəkdə buradakı insanların yaşayışının zəmanəti, təminatı ola bilər. Daha yaxşı yaşamaları, daha yüksək mədəniyyətə çatmaları üçün bir mərhələdir".

Məbədlər diyarında həyəcan siqnalı: Milli "pasportumuzu" itiririk

"Odur ki, biz bunları qorumalı, əhali arasında maarifləndirmə işi aparmalıyıq. Hətta mümkün olarsa, bir qismini bərpa etmək lazımdır. Çünki bərpa etdiyimiz halda, bütün Avropanın diqqəti bura yönələcək. Ona görə də qədim torpağa, müqəddəslərin bizlərə əmanət qoyduğu yerlərə sahib çıxmalıyıq" - deyə müsahibimiz əlavə edib.