BAKI, 8 yanvar — Sputnik. Dövlət qulluğuna qəbul olmaq istəyən şəxslər üçün sınaq imtahanına qeydiyyat davam edir. Bu barədə Sputnik Azərbaycan-a Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib.
Məlumata görə, DİM-də dövlət qulluğuna qəbul olmaq istəyən şəxslərin müsabiqənin test imtahanı mərhələsinə daha da səmərəli hazırlaşmalarına kömək məqsədilə elektron sınaq imtahanı keçiriləcək. Sınaq imtahanı AA, AB, AC, BA, BB qrupları üzrə 19 yanvar tarixində keçiriləcək.
İmtahan saat 10:00-da başlayacaq. Namizədlər imtahanı Mərkəzin Nəsimi rayonu, Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında yerləşən binasında xüsusi ayrılmış zallarda kompüter vasitəsilə elektron formada verəcəklər. Qeyd olunan imtahanda iştirak etmək üçün onlayn qeydiyyat 19 yanvar saat 9:00-da başa çatacaq. Qeydiyyatdan keçmək üçün bu KEÇİD-ə daxil olmaq lazımdır.
Qeyd edək ki, sınaq imtahanında iştirak etmək istəyənlər DİM-in saytında "Şəxsi kabinet"lərini yaratmalıdırlar. Kabinet yaradılan zaman onun pul hesabı da açılır. "Şəxsi kabinet"də olan hesaba vəsait daxil etmək üçün müxtəlif ödəniş üsullarından (ətraflı məlumat payment.dim.gov.az saytında verilmişdir) yararlanmaq olar. "Şəxsi kabinet" yaradıldıqdan və hesaba lazımi vəsait qoyulduqdan sonra sınaq imtahanında iştirak etmək üçün DİM-in saytında onlayn qeydiyyatdan keçmək lazımdır.
Sınaq imtahanlarında hər qrup üzrə uyğun olaraq eyni test tapşırıqlarından istifadə ediləcək.