CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Qəbələdə udinlər milad bayramını qeyd edib

Nic qəsəbəsində 3 kilsə və 2 məscid var
Sputnik

 

İlham Əhmədov, Sputnik Azərbaycan

BAKI, 7 yanvar — Sputnik. Yanvarın 7-də bütün dünyada pravoslav xristianları tərəfindən İsa Peyğəmbərin mövludu günü - Milad bayramı qeyd olunur. Qəbələ rayonunun Nic qəsəbəsinin sakinləri olan udilər də bu günü özünəməxsus şəkildə qeyd edir.

Sputnik Azərbaycanın bölgə muxbiri xəbər verir ki, Qəbələ rayonunun Nic qəsəbəsində yaşayan udilər "Cotari" alban kilsəsində təşkil olunan bayram mərasiminə toplaşıb. Tədbirdə Alban-udi icmasının rəhbəri, kilsənin keşişi və icmanın üzvləri çıxış edərək Milad bayramının mahiyyətindən, tolerantlıq diyarı olan Azərbaycanda dini ayinlərin icrası üçün yaradılan şəraitdən, dövlətimizin onlara olan diqqət və qayğısından danışıb. Həmçinin bayram münasibətilə təbriklər səsləndirilib.Udilər rayonda onlara qarşı heç bir ayrı-seçkiliyin olmadığını, Nicdəki "Cotari" alban kilsəsinin əsaslı şəkildə bərpasını ölkədə tolerantlıq mühitinə gözəl nümunə kimi qeyd edib.

Məlumat verilib ki, Nic qəsəbəsində 3 kilsə və 2 məscid var. Yeddi min nəfər əhalisi olan qəsəbədə 3700 udi yaşayır. Ümumilikdə isə ölkəmizdə 4000 nəfər udi yaşayır ki, onların 300-ü Oğuz və Bakıda qeydiyyatdadır. Dünyada yaşayan udilərin sayı isə 10 minə yaxındır. Qəsəbədə udilər öz dilini, dinini, adət-ənənələrini 2500 ildir qoruyub saxlayırlar. Nicdəki məktəblərin ibtidai siniflərində udi dili tədris olunur, kilsədə dini ayinlər onların ana dilində icra edilir. Qeyd edilib ki, sovet hakimiyyəti illərində udilərə öz bayramlarını qeyd etmək qadağan olunub. Ancaq ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra udilər bayramlarını hər il qeyd edirlər. Onlara yaradılan imkanların bariz nümunəsi kimi, 2002-ci ildə "Cotari" məbədi əsaslı təmir və bərpa olunaraq udilərin istifadəsinə verilib.

Bir sözlə, müsəlman və xristianların mehriban şəkildə birgə yaşadığı Nic qəsəbəsi tolerantlığın kiçik modeli hesab edilir deyə Alban-udi icmasının rəhbəri Robet Mobili bildirib.Sonra kilsədə şamlar yandırılıb, dualar oxunub, bayram süfrəsi açılıb.