Fövqəladə Hallar Nazirliyi əhaliyə xəbərdarlıq edir

Dəm qazından zəhərlənmə özünü baş ağrısı, baş gicəllənməsi, ürək bulanması, halsızlıqla biruzə edir
Sputnik

BAKI, 7 yanvar — Sputnik. Fövqəladə Hallar Nazirliyi (FHN) dəm qazı təhlükəsi ilə əlaqədar əhaliyə müraciət edib. Sputnik Azərbaycan FHN-nə istinadla xəbər verir ki, ölümlə nəticələnə bilən bu təhlükə ilə üzləşməmək üçün bir sıra qaydalara qaydalara əməl edilməlidir. 

Bakı və Şamaxıda faciə: Dəm qazı bir neçə nəfərin həyatına son qoydu

Məlumata görə, qış mövsümü ilə əlaqədar əhalinin təbii qaza olan təlabatının artması fonunda qaz cihazlarından istifadə zamanı təhlükəsizlik qaydalarının pozulması dəm qazı təhlükəsi yaradır.

Buna görə də, bu təhlükə ilə qarşılaşmamaq üçün qaz cihazı saz və standartlara uyğun olmalı, cihaz olan məkanın hündürlüyü 2 metr 20 santimetrdən az olmamalı, havaçəkən sistem işləməli, nəfəslik açıq olmalı, hamam otağında ventilyasiya borusu, qapının aşağısında dəliklər olmalı, tüstü bacaları ildə iki dəfə təmizlənməlidir.

"Yadda saxlayın! Dəm qazı iysizdir, hiss edilmir!

Dəm qazından zəhərlənmə özünü baş ağrısı, baş gicəllənməsi, ürək bulanması, halsızlıqla biruzə edir.

Dəm qazından zəhərlənmiş insanı təmiz havaya çıxarıb, nəfəsalmasını çətinləşdirən geyimlərdən azad etmək, təcili tibbi yardım çağırmaq lazımdır!

Unutmayın: Qaydalara biganəlik - həyatımıza təhlükədir! 

Təhlükə zamanı 112-yə zəng edin!" - deyə, FHN-in müraciətində deyilir.