Leyla Abdullayeva – Sputnik Azərbaycan.
BAKI, 5 yanvar — Sputnik. Hər insanın ömrü bir kitabdır. Orada sevincli günlərlə yanaşı, kədər, göz yaşı, ağrı-acı, dərd də yer alır. Budəfəki qəhrəmanımızın ömür kitabını özü ilə bərabər vərəqlədikcə, həyatının əzab-əziyyətlə keçdiyinə şahid oluruq.
Bənövşə nənə ağrı-acılarla dolu ömrünün bəzi məqamlarını Sputnik Azərbaycan-ın bölgə müxbiri ilə bölüşür: "1927-ci ildə Beyləqan rayonunun Əlinəzərli kəndində anadan olmuşam. Çoban ailəsində dünyaya göz açdığım üçün uşaq yaşımdan heyvan otarmağı, at minməyi öyrəndim. "Tərəkəmə" elatından olduğumuz üçün payız, qış fəsillərini aran rayonlarında, yaz-yay aylarında isə dağlıq rayonlarda yaşayırdıq. Uşaq yaşlarından çətin mühitdə yaşamağa öyrəndim. Tərəkəmə həyatı bizə baha başa gəldi. ki, nə məktəb oxuduq, nə də bir sənət sahibi olduq. Bizimlə yanaşı qız övladlarımız da bu çətinlikləri yaşadı".
Hər kəs kimi Bənövşə nənənin də arzuları olub. Ancaq yaşadığı mühit o arzuların üstündən xətt çəkib. Erkən yaşda ailəsinin istəyi ilə uzaq qohumu ilə ailə həyatı qurub. Ailə qurduqdan sonra da həm kişi, həm də qadın yerinə işləyib.
Gündəlik çətinliklər bir tərəfə, qəhrəmanımızı qardaş və oğul itkisi ömür boyu gözü yaşlı qoyub: "O dövr "qan davası" olan vaxtlar idi. Kimsə birini öldürürdüsə, ölənin qohum-əqrəbasından biri həmin adamı və yaxud onun yaxın qohumlarından birini öldürürdü. Kiçik qardaşım da "qan davası"nın qurbanı oldu. Babamla düşmənçiliyi olan biri qardaşımı gənc yaşında öldürdü. Qardaşımın bir körpə balasının yetim qalması dərdimizin üstünə dərd gətirirdi. Hər onun üzünə baxanda, əzab çəkirdik. O gündən gözümün yaşı qurumadı. Bir qardaşım da həbs olundu. Onun da övladları başsız qaldı. Dərdim günü-gündən çoxalırdı. Təsəlli tapmağa heç nə yox idi".
Bənövşə nənə danışır ki, qardaş dərdinin üstünə bir də övlad acısı gəlib: "Dörd qız, 3 oğlan övlad dünyaya gətirdim. Hər bir valideyn kimi mən də övladlarımın gələcəyinin gözəl olmasını, təhsil almalarını istəyirdim. Çox təəssüf ki, köçəri həyat övladlarımın təhsil almağına imkan vermədi. Təhsilləri olmasa da, xoşbəxt ailə həyatları olmasını arzulayırdım. Deyirlər, "sən saydığını say, gör, fələk nə sayır". Bir qızım bacım oğlu ilə ailə qurdu. Toydan bir il ötməmiş bacım oğlu ağciyər xəstəliyindən vəfat elədi".
"Həyat yoldaşının vəfatından bir neçə ay sonra qızımın oğlu dünyaya gəldi. Körpə bizlərə təsəlli olduğu qədər də, atası böyüyəcəyi üçün ağır dərd idi. Qızım sonrada ailə qurmadı, övladını böyütdü. Böyük qızımın isə övladı olmurdu. Bacısının ailəsinin dağılmaması üçün bircə balasını övladlığa verdi. Ancaq sonradan övlad üstündə iki bacı arasında çoxlu mübahisələr düşdü. İkisi də canım olduğuna görə hansına tərəf duracağımı bilmirəm. Canından can olan iki parçanın bir-birinə düşmən olması çox ağrılıdır" - Bənövşə nənə ağlayaraq danışır.
Kürəkəninin vəfatı Bənövşə nənəni çox üzsə də, ümidini itirməyib, balalarının xoşbəxtliyi uğrunda mübarizəyə davam edib. Ancaq, sən demə, qarşıda onu daha ağır dərdlər gözləyirmiş: "Həyat hər şeyi mənə çox görürdü, dərdimin üstünə dərd gəlirdi. Balaca oğlumla bacım oğlu eyni vaxtda nişanlanmışdılar. Birlikdə ev tikib, ailə həyatı qurmağa hazırlaşırdılar. Ancaq fələk imkan vermədi, ikisi birlikdə avtomobil qəzası törətdilər. İkisi də vəfat etdi. Bir gündə qarşımızda iki tabut vardı, çox dəhşətliydi, axı ikisi də mənim balam idi. Artıq gözümün yaşı qurumuşdu, ağlaya da bilmirdim. Dərdlər məndən əl çəkmirdi. Acı çəkməkdən yorulmuşam".
Söhbətimizin bu məqamında hönkürtü vuraraq ağlayan yaşlı nənə, sanki o vaxtdan yığılıb qalmış göz yaşını indi axıdır.
Həyatın hər üzünü görən Bənövşə nənənin ağlamaqdan gözləri tutulub. 40 ilə yaxındır ki, dünya işığından məhrumdur. Tək təsəllini ibadət eləməkdə tapan nənəmiz bir gündə olsa, ibadətindən qalmır: "Ağlamaqdan əlli yaşımda gözlərim tutuldu. Uşaqlarım körpə olanda belə, vaxt tapıb namaz qılıb, oruc tuturdum. Gözlərimin tutulması da buna mane ola bilmədi. İndi nəvələrimə, gəlinimə hər dəfə xahiş edirəm k, məni yeməksiz, çaysız qoyun, amma dəstəmazsız, namazsız qoymayın. Son nəfəsimə qədər özümü ibadətdən məhrum etməyəcəyimə əminəm".