İQTİSADİYYAT

Bakı bazarlarında avtomobillərin qiyməti qorxulu həcmdə artıb

Ekspert Azərbaycanda avtomobillərin hansı üsullarla qiymətləndirilməsinə aydınlıq gətirib
Sputnik

BAKI, 4 yanvar — Sputnik. “Banklar, xüsusi şəxslər, sığorta şirkətləri, eləcə də dövlət və kommersiya şirkətləri əlavə vəsait ödəməmək və ödənilmiş pula normal nəqliyyat vasitəsi əldə etmək üçün ikinci əl avtomobillərin qiymətləndirilməsi xidmətindən istifadə edirlər. Azərbaycana gətirilən avtomobillərə tətbiq olunan aksiz vergisinin kəskin şəkildə artırılması ilə bu məsələ daha böyük aktuallıq kəsb etməyə başlayıb”.

Dünyanın aparıcı avtomobil şirkətlərindən birinə cinayət işi açılıb

Bunu Sputnik Azərbaycan-a Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri və "MBA Group" konsaltinq şirkətinin baş direktoru Nüsrət İbrahimov deyib.

2019-cu ilin 1 yanvarından etibarən Azərbaycanın Vergi Məcəlləsinə edilən dəyişikliklər qüvvəyə minib. Dəyişikliklərdən biri də ölkəyə idxal edilən avtomobillərin aksizlərinin qiymət artımı ilə bağlıdır.

Belə ki, orta hesabla minik avtomobillərinin idxalına olan aksizlər 33% qaldırılıb, lakin rüsumun son rəqəmi mühərrikin həcmindən asılıdır.

İbrahimovun sözlərinə görə, qiymətləndirmədən qabaq avtomobilə ümumi baxış keçirilir. Daha sonra maşının və onun sahibinin sənədlərinə baxılır, avtomobil texniki baxışdan keçirilir.

"Sonra avtomobilin dəyəri istehsal ili, mühərrikin gücü və sürülmə məsafəsinə uyğun olaraq qiymətləndirilir. Bu, avtomobilin qiymətləndirilməsinin əsas müqayisəli göstəriciləridir" - deyə İbrahimov bildirib.

Bundan əlavə digər göstricilər də mövcuddur: təkərlərin, salonun, boyanın vəziyyəti və s. Ekspertin sözlərinə görə, avtomobilin qiymətinə təsir göstərə biləcək bütün amillər nəzərdən keçirilir və yalnız bundan sonra ona qiymət qoyulur.

Əgər söhbət qəza keçirmiş avtomobildən gedirsə, bu cür maşınların qiymətini təyin etməyin digər üsulu var. Burada eyni marka avtomobilin qəzadan əvvəlki qiyməti əsas götürülür, maşının bərpa xərcləri və digər amillər hesablanır.

İbrahimov bildirib ki, açıq mənbələrdən əldə olunan və 2018-ci ilin 1 dekabrına olan məlumata görə Bakının avtomobil bazarında noyabr ayında 1,729 ədəd avtomobil orta hesabla 42 min manatdan artıq qiymətə satışa çıxarılıb. Bu isə əvvəlki aya nisbətən 12,22% çoxdur.

Azərbaycanın avtomobil bazarı bu gün

Satılan avtomobillərin orta hesabla qiyməti 56 min manatdan yuxarı olub. Bu isə ay ərzində avtomobillərin qiymət artımının 9,79% olduğunu göstərir. Ancaq bu rəqəmlərin avtomobillərin "tipik" bazar qrupu üçün verildiyini də xüsusilə qeyd etmək lazımdır. Bu qruplarda qiymətlər müəyyən marka və siniflərdən olan avtomobillərə görə təyin edilir. Belə olan təqdirdə bir ay ərzində əhəmiyyətli bir qiymət artımı ilə rastlaşmaq mümkündür. Misal üçün bu, yalnız bahalı avtomobillərin alqı-satqısı üzrə bir və ya iki əməliyyatdan ibarət ola bilər.

Kiçik ölçülü və mühərrikin həcmi 2 litrədək olan avtomobillərin orta qiyməti 18 min manatdan artıq olub. Noyabrda belə avtomobillərin qiymətində 3,97% artım müşahidə edilib. Mühərrikin tutmu 2 litrdən 3 litrədək olan avtomobillərin orta qiyməti 38 min manatdan yuxarı olub. Burada qiymət artımı 14,95% faiz müşahidə edilib. Mühərrikin həcmi 3 litrdən yuxarı olan iri ölçülü avtomobillərin qiyməti 85 min manatdan yuxarı olub. Onların qiyməti bir aya 6,4% artıb.

"Bu, noyabrın rəqəmləridir, dekabrda biz qiymət artımı gözləyirik. Bu qiymət artımı təkcə yanvar ayında yox, sonrakı aylarda da gözlənilir. Avtomobillərin orta qiymətlərinin artımı 2019-cu ilin mart ayının sonlarına qədər müşahidə ediləcək" - deyə ekspert bildirib.

İbrahimovun proqnozuna görə, bazarda orta qiymətlər (avtomobillərin tipik qrupları üçün) 2019-cu il yanvarın yekunlarına görə, 2018-ci ilin analoji dövrü ilə müqayisədə 22-24% artacaq.

2017-ci ildə Azərbaycana 11,610 minik avtomobili idxal edilib. 2016-cı ildə bu rəqəm 4,991, 2015-ci ildə 23,765, 2014-cü ildə isə 57,615 ədəd olub.