Təhsil sahəsində ediləcək yeniliklərin anonsu verildi

Brifinqdə qeyd olunub ki, yeniliklər müvafiq sənədlər imzalandığı gündən tətbiq edilir
Sputnik

BAKI, 4 yanvar - Sputnik. Bu gün Təhsil Nazirliyində brifinq keçirilib. Sputnik Azərbaycan xəbər verir ki, tədbiri giriş sözü ilə Təhsil Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov açıb. O bildirib ki, 2019-ci ildə təhsil sahəsində yeniliklər çox olacaq.

Daha sonra Təhsil Nazirliyinin Təhsilin inkişafı proqramları şöbəsinin müdiri Emin Əmrullayev çıxış edərək ötən ilin son günlərində ümumtəhsil pilləsi ilə bağlı edilmiş müvafiq dəyişiklərdən danışıb. 

Təhsil naziri əmr imzalayıb

E.Əmrullayev bildirib ki, dəyişiklər, əsasən, şagirdlərin imtahan yükünü azaltmaqdan, bəzi qeyri-müəyyən məsələləri həll etməkdən ibarət olub: “Qaydalarda əsas dəyişiklik summativ qiymətləndirmə ilə bağlı idi. Böyük summativ qiymətləndirmə təhsil səviyyələrinin sonunda, yəni IV, IX və XI siniflərdə bütün fənlərdən keçiriləcək. V, VI, VII, VIII və X siniflərdə isə yalnız buraxılış imtahanı keçiriləcək fənlər üzrə aparılacaq”.

“Birinci sinif şagirdlərinin yaşını və təcrübəsini nəzərə alaraq, onlara qiymətləndirmə formativ olacaq. Onları birinci sinifdə yükləmək doğru deyil. Əvvəlki qaydalara görə həm kiçik, həm də böyük summativ qiymətləndirmə olurdu. Artıq II və III siniflərdə kiçik summativ qiymətləndirmə olacaq. Amma IV sinifdə bütün fənlər üzrə böyük summativ qiymətləndirmə olacaq ki, şagirdin savadını müəyyən etmək olsun. Kiçik summativ qiymətləndirmə il ərzində 3-6 dəfə olmalıdır, 7-cisini etmək olmaz” – deyə şöbə müdiri qeyd edib.

Nazirlik rəsmisi əlavə edib ki, yeni qaydalarda bal və qiymət ayrılıb. Artıq sinif jurnalında bal və qiymət görünəcək deyə şagirdlərin balları da aydın bilinəcək. Bununla da şagirdlərin bilik fərqi görünəcək.

“Valideynlərin verdiyi suallardan biri də qiymətləndirmə suallarının çətinliyi ilə bağlı idi. Suallar 4 səviyyəyə görə bölünürdü. Birinci səviyyə asan olsa da, dördüncü səviyyəli suallar şagirdin beş alması üçün idi. Suallar elə olmalıdır ki, yarısına sinifdəki uşaqların 50 faizi cavab verə bilsin” – şöbə müdiri vurğulayıb.

Brifinqdə qeyd olunub ki, yeniliklər müvafiq sənədlər imzalandığı gündən tətbiq edilir. Artıq müəllimlər bu qaydalarla işləyəcək.