Əhaliyə xəbərdarlıq edilir

Yanvarın 5-də axşam isə arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacağı gözlənilir
Sputnik

BAKI, 4 yanvar - Sputnik. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti hava şəraiti ilə bağlı xəbərdarlıq edib. Departamentdən Sputnik Azərbaycan-a verilən məlumatda bildirilir ki, Bakıda və Abşeron yarımadasında yanvarın 4-ü günün ikinci yarısından 5-i səhərədək cənub-qərb küləyi arabir güclənəcək.

Sabahın hava proqnozu

Yanvarın 5-də axşam isə arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacağı gözlənilir. 

Azərbaycanın rayonlarında yanvarın 4-ü gündüz, 5-də qərb küləyinin ayrı-ayrı yerlərdə arabir güclənəcəyi ehtimal olunur.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti yanvarın 5-nə gözlənilən ümumi hava ilə bağlı məlumatı da açıqlayıb. Bildirilib ki, sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Səhər saatlarında duman olacaq. 

Havanın temperaturu Abşeron yarımadasında gecə 4-7, gündüz  9-12, Bakıda gecə  4-6, gündüz 10-12  dərəcə  isti təşkil edəcək.

Atmosfer  təzyiqi  761  mm  civə  sütunundan  765  mm  civə sütununa yüksələcək. Nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz olacaq. 

Azərbaycanın rayonlarında isə havanın, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 10-15 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 5-10 dərəcə isti təşkil edəcək.