Azərbaycan Dəmir Yolları bayramda 20 mindən çox sərnişinə xidmət göstərib

İşə düşdüyü gündən bu günə qədər sözügedən qatarla 309 sərnişin daşınıb
Sputnik

BAKI, 4 yanvar — Sputnik. "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin Sərnişin daşımaları Departamentinin kollektivi Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni təqvim ili ərəfəsində, həmçinin istirahət günlərində gücləndirilmiş iş rejimində çalışıb. Bu barədə Sputnik Azərbaycan-a "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirova məlumat verib. 

Cavid Qurbanov Azərbaycan dəmir yolları ilə bağlı önəmli məlumatlar verdi

Onun sözlərinə görə, bayram günlərində - dekabrın 27-dən etibarən 3 yanvar da daxil olmaqla, hər gün əlavə vaqonların qoşulması təmin edilib. Belə ki, yerli istiqamətdə hərəkət edən sərnişin qatarlarına və 38/37 nömrəli Bakı-Tbilisi-Bakı beynəlxalq sürət qatarına ümumi sxemdən əlavə 82 vaqon qoşulub.

Qeyd edək ki, bayram günlərində yerli istiqamətdə hərəkət edən sərnişin qatarlarında və 38/37 nömrəli Bakı-Tbilisi-Bakı beynəlxalq sürət qatarında 20171 nəfər sərnişin daşınıb ki, bu da adi iş günlərində daşınan normadan xeyli çoxdur.

Bakı-Gəncə-Bakı istiqamətində sərnişinlərin rahat gediş-gəlişini təmin etmək məqsədi ilə günaşırı, Bakıdan 30.12.2018-ci il tarixdən etibarən ayın cüt günlərində, Gəncədən isə 31.12.2018-ci il tarixdən etibarən ayın tək günlərində "Stadler Rail Group" şirkətinin istehsalı olan KİSS markalı ikimərtəbəli 702/701 nömrəli Bakı-Gəncə-Bakı sürət qatarı təyin edilib. İşə düşdüyü gündən bu günə qədər sözügedən qatarla 309 sərnişin daşınıb.