HADİSƏ

Bakıda asayiş keşikçilərinə hücum olub, polis kapitanı xəsarət alıb

Kütləvi davaya müdaxilə edən polis zabitini yaralayıblar
Sputnik

Ramella İbrahimxəlilova, Sputnik Azərbaycan

BAKI, 4 yanvar — Sputnik. Bakıda əvvəllər məhkumluğu olan kişi polis əməkdaşına hücum edərək ona bədən xəsarətləri yetirib. Bu barədə Sputnik Azərbaycan-a Xətai Rayon Polis İdarəsindən məlumat verilib. 

Bakıda müdhiş soyğun: İşsiz gəncəli müstəntiq xanımı qarət edib

Məlumata görə, yanvarın 3-ü, saat 19:15-də Zığ şossesindəki 4 saylı binanın qarşısında bir neçə kişi dava edib. Polis əməkdaşları - 34 yaşlı kapitan Fərid Mahmudov və 23 yaşlı leytenant Hüseyn Məcidzadə xuliqanlıq əməlinin qarşısını almaq üçün davaya mane olmağa çalışıblar.

Lakin davada iştirak edənlərdən biri ülgüclə Mahmudovun üzərinə cumaraq onun boynuna və əlinə xəsarət yetirib. Buna baxmayaraq, davanın bütün iştirakçıları saxlanılıb və cinayət məsuliyyətinə cəlb olunub. Xoşbəxtlikdən polisin yarası dərin olmayıb.

Faktla bağlı davanın üç iştirakçısı saxlanılıb. Onlar əvvəllər oğurluq və bədənə yüngül xəsarət yetirməklə bağlı məhkumluq həyatı yaşamış 36 yaşlı Bakı şəhər sakini İlqar Hüseynov, AR CM-nin 177-ci (Oğurluq) və 185-ci (Avtomobil oğurluğu) maddələri ilə məhkum edilmiş Sabirabad rayonunun 23 yaşlı sakini Namiq Yəhyayev və Astara rayonunun 42 yaşlı sakini Dönməz Babayev olub.

Məlum olub ki, həddindən artıq spirtli içki qəbul edərək sərxoş vəziyyətə düşmüş bu 3 şəxs birlikdə Füzuli rayonundan olan 37 yaşlı Afiq Əhmədovu döyüblər. Elə polis də həmin vaxt onların davasına müdaxilə edib. Polis kapitanı Mahmudova hücum edən şəxs isə Namiq Yəhyayev olub.

Faktla bağlı istintaq davam edir.