ABŞ dövlət katibindən Türkiyə ilə bağlı qalmaqallı bəyanat

"Türklərin kürtləri qətlə yetirməsinin qarşısını alacaq, Suriyada dini azlıqların hüquqlarının qorunmasını təmin edəcəyik"
Sputnik

BAKI, 4 yanvar — Sputnik. ABŞ-ın dövlət katibi Mayk Pompeo "Newsmax" telekanalına müsahibəsində Suriyaya dair prezident Donald Trampın təlimatlarından danışıb. Sputnik Azərbaycan xəbər verir ki, bu zaman Pompeo Türkiyə ilə bağlı qalmaqallı ifadə işlədib.

Türkiyə ilə ABŞ arasında "buzlar əriyir"

"Bu təlimatları bütün cəbhələrdə yerinə yetirəcəyik. Sadəcə qoşunları geri çəkməklə qalmayacağıq, prezidentin ortaya qoyduğu digər bütün təlimatları həyata keçirəcəyik - türklərin kürtləri qətlə yetirməsinin qarşısını alacaq, Suriyada dini azlıqların hüquqlarının qorunmasını təmin edəcəyik" - deyə dövlət katibi bildirib.

Onun sözlərinə görə, bütün bunlar ABŞ-ın daşıdığı missiyanın parçasıdır: "Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla üzərində işləməli olduğumuz çox məqamlar var".

Aparıcının "Türkiyə prezidenti güvəniləcək bir ortaqdırmı" sualını Pompeo belə cavablandırıb: "Türklərlə üzərində işləməli olduğumuz bir sıra şeylər var. Onlar NATO-nun müttəfiqidir. Amerikalıları maraqlandıran və və amerikalıların etibarını möhkəmləndirən bir sıra məsələlədə xeyli dəstək olduqları məqamlar var".

Qeyd edək ki, 2018-ci il dekabrın 24-də ABŞ prezidenti qoşunların Suriyadan çıxarılması haqqında sərəncam imzalayıb. Ağ Ev tərəfindən qoşunların çıxarılması barədə bəyanat verildikdən sonra ABŞ müdafiə naziri Ceyms Mettis və ABŞ-ın İŞİD-lə mübarizə üzrə xüsusi nümayəndəsi Brett Makqerq istefaya gedib.