HADİSƏ

Bakıda yaşayış binasında yanğın olub

Yanğın tez bir zamanda yanğından mühafizə bölmələri tərəfindən söndürülüb
Sputnik

BAKI, 3 yanvar — Sputnik. Bakı şəhəri Xətai rayonu Nobel prospekti 86 ünvanında yerləşən məcburi köçkünlərin yaşadığı ikimərtəbəli binanın (taxta konstruksiyalardan ibarət) dam örtüyü yanıb. Bu barədə Sputnik Azərbaycan-a Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən məlumat verilib.

Yanğın zamanı bina sakinləri təhlükəsiz əraziyə təxliyə olunub. İlkin məlumata əsasən, yanğın zamanı xəsarət alan olmayıb.

FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qrupu çağırış ünvanına cəlb olunub. Yanğın tez bir zamanda yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.