Müdafiə nazirindən ilginc mesaj: "Naxçıvan əməliyyatının detallarını açmırıq"

Zakir Həsənov: "Əməliyyat elə peşəkarlıqla həyata keçirildi ki, qarşı tərəf nə baş verdiyini indiyədək dərk etmir"
Sputnik

BAKI, 2 yanvar — Sputnik. "Biz real vəziyyəti bilməliyik. Hərbi hissələrdə "Açıq qapı" günlərində valideynlərə müraciət edirəm ki, bura bir-birimizi tərifləməyə gəlməmişik. Məqsədimiz odur ki, problemlər aşkara çıxarılsın və həll edilsin. Həqiqətin üzə çıxarılması üçün Müdafiə Nazirliyi müxtəlif vasitələrdən istifadə edir. Onlardan biri "etimad qutusu"nun olmasıdır. Yəni hər bir əsgər valideyni adını qeyd etmədən problem barədə məktub yaza bilər. Həmin məktubları Nazirliyin Baş İdarəsinin nümayəndələri götürə bilir. Biz komandirlərə inanırıq, amma real vəziyyəti də bilməliyik.

Azərbaycan Ordusunun mövqeləri iriçaplı pulemyotlardan atəşə tutulub

Sputnik Azərbaycan xəbər verir ki, bunu müdafiə naziri, general-polkovnik Zakir Həsənov "Real TV"-yə müsahibsində deyib. "İşimiz göz qabağındadır, üzüaçıq valideynlərin qarşısına çıxırıq. İşimizin nəticəsindən əminik. Real vəziyyətin ortaya çıxarılması Ali Baş Komandanın tələbidir. Azərbaycan xalqı çəkinən, qorxan xalq deyil, problem olanda üzə deyir" - nazir bildirib.

Z.Həsənov qeyd edib ki, "Açıq qapı" günləri 3 aydan bir keçirilir: "Həm də eyni hərbi hissələrə getmirik. Media nümayənədləri prosesə qoşulsunlar, nöqsan varsa, çəksinlər, amma doğru-düzgün təqdim etsinlər. Şəxsi münasibətlərə görə yalan yazmasınlar. Söhbət məndən, səndən, digərindən getmir. Söhbət Azərbaycan Ordusundan gedir, onlar həssasdırlar, çünki düşmənlə üz-üzədirlər, gördüklərə işə qiymət verilməsini gözləyirlər. Ona görə həmişə deyirəm ki, müsahibə götürəndə, ilk növbədə, əsgərdən götürün. Əsas əsgərdir, əsgərsiz komandir də, general da olmaz. Xahiş edirəm ki, media nümayəndələri "Açıq qapı" günləri mən gedən hərbi hissəyə deyil, başqalarına baş çəksinlər. Kimsə fikirləşə bilər ki, nazir hara gedirsə, orada yaxşı şərait yaradılır".

"Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin orduya göstərdiyi qayğı göz qabağındadır. Azərbaycan əsgərinin təminatı yüksək səviyyədədir. Bunu xalq da görür. Tam məsuliyyətimlə deyirəm, Azərbaycan Ordusunu dünyanın aparıcı ölkələrinin orduları ilə müqayisə etmək olar" - deyə o vurğulayıb.

Müdafiə naziri diqqətə çatdırıb ki, hazırda orduda təminat məsələlərinə mülki şəxslər baxırlar: "Hazırda 20 minə yaxın mülki şəxs orduda təsərrüfat işləri ilə məşğul olur. Onlar qab yuyurlar, yemək bişirirlər, camaşırxanalarda işləyirlər. Bu, həm də iş yeridir. Digər tərəfdən bu, əsgərləri təsərrüfat işlərindən ayıraraq döyüş hazırlığına yönəltməkdir. Əsgərlər bütün təsərrüfat işlərindən ayrılıb. Hələlik ön xətdə buna imkan yoxdur, amma mərhələli şəkildə bunu həll edəcəyik. İnanıram ki, 2019-cu ildə bu məsələ tam başa çatacaq. "Açıq qapı" elan edirik ki, gəlib baxsınlar, görsünlər. Biz özümüzü reklam etmirik. Biz gərək əsgərlərimizi təbliğ edək".

Ermənistan ordusu Dağlıq Qarabağda itki verib

Həsənov Azərbaycan Ordusunun 100 illiyi ilə bağlı keçirilən paradda Ali Baş Komandan İlham Əliyevin bütün dünyaya mesaj verdiyini bildirib: "Bütün dünya Azərbaycanın hərbi imkanlarını, qüdrətini gördü. Prezident İlham Əliyev düşmənə mesaj verdi ki, Azərbaycan Ordusunun maddi-texniki bazası yüksək səviyyədədir, ağlınızı başınıza yığın, torpaqları azad edin. Paradı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da izlədi. Tədbirdə Türkiyənin yüksək rütbəli zabitləri, nazirləri iştirak etdi. Bununla bütün dünyaya qardaşlıq, həmrəylik nümayiş etdirildi. Paradda ən müasir silahlar nümayiş olundu, düşmənlər də bunu gördü. Biz onların reaksiyasını da gördük. Prezident İlham Əliyev paradda çıxışı zamanı bildirdi ki, burada nümayiş etdirilən silahlar Azərbaycan Ordusunun malik olduğu silahların hamısı deyil. Mən bunu xüsusi qeyd etmək istərdim. Çünki bunun özü də bir mesaj idi".

"Azərbaycan Ordusunun qarşısında duran əsas məsələ Dağlıq Qarabağ münaqişəsi, Ermənistanın işğalı altında olan torpaqların azad olunmasıdır. Prezident İlham Əliyev bu istiqamətdə çox uğurlu siyasət həyata keçirir. Orduda döyüş hazırlığı yüksək səviyyədədir. Bunun yüksək səviyyədə olmasının göstəricilərindən biri müasir silahın, texnikanın olmasıdır. İkinci məsələ şəxsi heyətin bacarığı və peşəkarlığıdır. Bu gün Azərbaycan Ordusunun 90 faizi peşəkar hərbçilərdən ibarətdir. Döyüş hazırlığını müəyyən edən vəzifələrdə peşəkar hərbçilər xidmət edirlər" - nazir deyib.

"Bu yaxınlarda hərbi hissələrdən birinin tank bölüyündə oldum, tankçılarla görüşdüm. Tank idarə edənlər ən azı 3 il xidmətdə olanlardır. Bunlar artıq peşəkardırlar. Görüş zamanı tankçıdan soruşuram ki, aprel döyüşlərində iştirak etmisən? Deyir, bəli. Yəni döyüş təcrübəsi də var. Döyüş maşınlarını idarə edənlərin hamısı müddətdən artıq xidmət edənlərdir. Bunlar 5 il, 10 ildir ki, bu vəzifədədirlər. Təbii ki, bunlar vəsait tələb edir. Hazırkı iqtisadi imkanlar buna şərait yaradır. Azərbaycan əsgərinin qəhrəman obrazını formalaşdırmaq lazımdır" - o, əlavə edib.

Z.Həsənovun sözlərinə görə, Azərbaycanda hərbi hissələrin 80 faizi yenidən qurulub və hər birində şərait yüksək səviyyədədir: "Hazırda 12 böyük hərbi hissənin tikintisi davam edir, işlər, yəqin ki, 2019-cu ildə yekunlaşacaq. Gələn ilin əvvəlində Cəmşid Naxçıvanski adına hərbi liseyin bərpası başa çatacaq, açılışını planlaşdırırıq".

Nazir ilginc mesaj da verib: "Ötən il Naxçıvanda keçirilən hərbi əməliyyatlara Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev yüksək səviyyədə qiymət verib. Bir çox hallarda məxfiliyi qorumağa çalışırıq. Ona görə də Naxçıvan əməliyyatının detallarının hamısını danışmaq olmur. Həmin əməliyyatda Əlahiddə Ümumqoşun Ordusu əsgərindən tutmuş komandanına kimi yüksək peşəkarlıq nümayiş etdirib. Onlar əməliyyatı elə peşəkarlıqla həyata keçirdilər ki, qarşı tərəf dərk etmirdi ki, nə baş verir? Bəlkə də axıra qədər dərk edə bilməyiblər. İndi də öz uğursuzluqlarını, məğlubiyyətlərini ört-basdır etməyə çalışırlar. Bu isə onların problemidir".

Ordumuzda komanda-qərargah hərb oyunları başlayıb - VİDEO

"Ümumiyyətlə, hərbiçilər arasında söz davası aparmağın tərəfdarı deyiləm. Dəfələrlə demişəm, hərbçilər döyüş meydanında sözünü deyir. Bəzilərinin hərbi biliyi, bacarığı yoxdur və deyirlər ki, orada top atılmadı, döyüş aparılmadı... Əksinə, yüksək peşəkarlıqlı komandirlər bəzi əməliyyatları elə həyata keçirirlər ki, böyük atışmaya ehtiyac olmur" - o vurğulayıb.

Z.Həsənov Azərbaycan Ordusunun uğurla yeni tarix yazdığını vurğulayıb: "Dünyada gedən döyüşləri izləyirik, müsbət və ya mənfi tərəflərini təhlil edirik. Müsbət tərəflərini ordumuzda tətbiq edirik. 2016-cı ildə də hər şeyi xırdalığına qədər təhlil etdik, hansı təhdidlərlə üzləşdik, hansı çətinliklər qarşımıza çıxdı və sair. Problemlərin aradan qaldırılması üçün planlar cızdıq, Prezident İlham Əliyevə məruzə etdik. Bu məsələlərin içində yeni avadanlıq, silah alınması məsələsi də vardı. Prezident İlham Əliyev bu məsələyə diqqətlə yanaşdı, problemlərin əksəriyyəti həll edildi".