CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Mehriban Əliyeva: “Azərbaycan bu gün güclü, qüdrətli ölkədir”

Sosial sahəyə gəldikdə isə M. Əliyeva qeyd edib ki, Azərbaycan dövləti sosialyönümlü siyasət aparır.
Sputnik

BAKI, 29 dekabr - Sputnik. “Artıq 15 ilə yaxındır ki, biz birlikdə ötən ili yola salırıq, keçmiş illə vidalaşırıq və yeni ili qarşılayırıq. 2018-ci il ölkəmiz üçün çox əlamətdar il idi. Yüz il bundan əvvəl Azərbaycan xalqı müsəlman dünyasının ilk demokratik respublikası olan Azərbaycan Xalq Cümhuriyyətini yaratmışdır. Bu il – 2018-ci ildə biz Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyini həm ölkəmizdə, həm bir sıra xarici dövlətlərdə ən yüksək səviyyədə qeyd etmişik”.

Sputnik Azərbaycan xəbər verir ki, bu sözləri Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Heydər Əliyev Fondunun uşaqlar üçün təşkil etdiyi ənənəvi bayram şənliyində çıxışı zamanı bildirib.

Prezident və birinci xanım Sumqayıtda açılışda iştirak ediblər

O qeyd edib ki, Azərbaycan Xalq Cümhuriyyətinin ömrü qısa olsa da, bu qısa zamanda ölkəmiz, xalqımız üçün çox vacib olan addımlar atılıb, qərarlar qəbul edilib:

“İlk çoxpartiyalı parlament fəaliyyətə başladı, ölkəmizin bayrağı təsis edildi, qızlar üçün ilk dünyəvi məktəb fəaliyyətə başladı, Azərbaycan Ordusu yaradıldı. Biz bu il, həmçinin Azərbaycan Ordusunun 100 illiyini qeyd etdik. Bu münasibətlə ölkəmizin baş meydanında keçirilən möhtəşəm parad bir daha göstərdi ki, Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasındadır, istənilən vəzifəni icra etməyə qadirdir və hazırdır. Biz bu il, həmçinin Bakının azad olunmasının 100 illiyini birlikdə qeyd etdik.

Ölkəmizin tarixində şərəfli yer tutan bütün bu hadisələrin yüksək səviyyədə keçirilməsi onu göstərir ki, müstəqil Azərbaycan bu gün böyük uğurla inkişaf edir. Azərbaycan bu gün güclü, qüdrətli ölkədir. Azərbaycan dünya xəritəsində öz layiqli yerini tutub. Azərbaycan öz sözünü söyləyən, öz maraqlarını qoruyan dövlətdir. Biz inanırıq ki, siz – bu günün uşaqları, bu günün gəncləri gələcəkdə Azərbaycanın inkişafına, ölkəmizin müstəqilliyinin möhkəmlənməsinə öz töhfənizi verəcəksiniz.

Yola saldığımız 2018-ci ilə nəzər salsaq görərik ki, ölkəmizin inkişafı yüksək sürətlə davam edir. Bu il bir sıra çox vacib layihələr həyata keçirilib, yeni islahatlara start verilib. Dünya Bankının hesabatında Azərbaycan 10 islahatçı dövlət sırasına daxil edilib. Bu il biz həm ölkəmizin, həm regionun, həm də Avropanın enerji təhlükəsizliyinin qorunmasında mühüm rol oynayan “Cənub Qaz Dəhlizi” layihəsinin və onun tərkib hissəsi olan TANAP boru kəmərinin istifadəyə verilməsini qeyd etdik. Bu il, həmçinin növbəti telekommunikasiya peyki “Azerspace-2” orbitə buraxıldı”.

Sosial sahəyə gəldikdə isə M. Əliyeva qeyd edib ki, Azərbaycan dövləti sosialyönümlü siyasət aparır.

“Sosial sahədə olan problemlərin həlli daim Azərbaycan dövlətinin və Azərbaycan hökumətinin diqqət mərkəzindədir. Son iki il ərzində 5000-dən çox məcburi köçkün və qaçqın ailəsi müvəqqəti olaraq yeni evlərlə, yeni mənzillərlə təmin edildi. Məktəblərin, bağçaların tikilməsi, təmiri və ya yenidən qurulması, yeni Olimpiya İdman komplekslərinin inşası davam edir. Bütün bu uğurları, görülən işləri, əldə etdiyimiz nailiyyətləri görərək biz daha da səmərəli işləməyə ruhlanırıq, xalqımıza daha da səmərəli xidmət etməyə hazırıq”, - deyə o vurğulayıb.